Bir neçə gündür Bakı Beynəlxalq Avtovağzal – Masazır qəsəbəsi istiqamətində hərəkət edən 569 saylı marşrut avtobuslarının intervalının 30 dəqiqəyə qədər artdığı və sıxlıq olması ilə bağlı şikayətlər yayılır.
Bakupost.az  xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Axar.az-a verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksini Masazır qəsəbəsi ilə əlaqələndirən 569 saylı marşrutda 12 avtobus 8 dəqiqə intervalla hərəkət edir.
 
“Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir. Daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı tapşırıq verilib”, - açıqlamada bildirilib.
Xatırladaq ki, bir müddət öncə 88 nömrəli marşrut avtobuslarının intervalının 30-40 dəqiqəyə qədər artdığı ilə bağlı şikayətlər yayılmışdı.