Bu gün İsveçrənin Davos şəhərində 2026-cı ilin Dünya İqtisadi Forum işə başlayıb.
Bakupost.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, forumda bir araya gələn dünya liderləri bu il üçün aşağıdakı 5 suala cavab axtaracaq:
“1. Daha çox qarşıdurmaların yaşandığı bir dünyada beynəlxalq əməkdaşlıq necə təmin oluna bilər?
2. Qlobal iqtisadiyyatda yeni və dayanıqlı artım mənbələri necə formalaşdırıla bilər?
3. İnsan kapitalına investisiyalar necə daha məqsədyönlü və səmərəli qurula bilər?
4. İnnovasiyalar geniş miqyasda və məsuliyyət prinsipləri çərçivəsində necə tətbiq edilə bilər?
5. Planetar məhdudiyyətlər fonunda rifahın davamlı modeli necə qurula bilər?”
İqtisadçı qeyd edib ki, budəfəki forumda rekord sayda dövlət başçıları, iş adamları və beynəlxalq təşkilat nümayəndələri iştirak edir. Dünya İqtisadi Forumunda əsas diqqət Donald Trampda olacaq:
“O bu dəfə Davos Forumunda ABŞ-nin ən geniş nümayəndə heyətinə rəhbərlik edəcək. Onun iqtisadi və təhlükəsizlik siyasəti, tariflər, Avropa ilə ticarət gərginliyi, geosiyasi təzyiqlər kimi məsələləri debatların mərkəzində olacaq. Bu günlər ABŞ-nin xarici siyasətində qlobal əməkdaşlıq və beynəlxalq sistemin gələcəyi baxımından proqnozların verilməsində əhəmiyyət daşıyacaq”.
E.Əmirov bildirib ki, Avropa İttifaqının liderləri bu forumda Avropa-ABŞ və Avropa-Çin münasibətlərində yaranan yeni dinamikaları, texnologiya, enerji və müdafiə strategiyalarını müzakirə edəcəklər:
“Debatlar Avropanın geosiyasi mövqeyinin qorunması və gücləndirilməsi baxımından diqqət mərkəzində olacaq. Amma bu Avropa üçün faydalımı olacaq, yoxsa forum Avropanın daha da zəif tərəflərini üzə çıxaraq? Məncə, ikincinin ehtimalı daha çoxdur.
Faktdır ki, ənənəvi əməkdaşlıq modelləri zəifləyir, onların yerini daha çox regional ittifaqlar və məhdud tərkibli əməkdaşlıq formatları tutur. Buna görə də Aİ texnologiya liderliyi və əmək bazarının transformasiyası Davos Forumu gündəliyinin əsas mövzularından biridir. Bu proseslər artıq iqtisadi artım kontekstindən çıxaraq təhlükəsizlik, qlobal rəqabət və siyasi təsir alətinə çevrilir.
Əlqərəz, forumdakı müzakirələr həm dövlət başçıları, həm də biznes-texnologiya liderləri üçün gələcək qlobal sistemin konturlarını müəyyənləşdirəcək”.
Yasəmən,
BakuPost