Ru
12:26 / 13 Avqust 2021

Deputat: “Rusiya separatçıları müdafiə etdi, sülhməramlılarla bağlı Prezidentə təklif verilə bilər”- MÜSAHİBƏ

7788
Milli Məclisin deputatı Razi Nurullayevin Bakupost.az -a müsahibəsi:

- Son günlər mövqelərimiz rus sülhməramlılarının gözü qarşısında atəşə tutulur. Rusiya isə buna göz yumur. Rəsmi Bakı məlum məsələyə niyə sərt mövqe nümayiş etdirmir?


- Rus sülhməramlıları Qarabağda erməni separtaçılarını müdafiə etdi. Rusiyanın verdiyi bəyanat, açıqlama isə heç də sülhməramlı, tərəfsiz ölkə təsirini bağışlamır. Rusiya Azərbaycanı məcbur edir ki, sülhməramlılarla bağlı qərarını tezliklə versin. Belə getsə, Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalması üçün vaxtın uzadılmasını rəvac görməyəcək. Çünki Rusiya da qəbul edir ki, bura Azərbaycan ərazisidir.

- Müharibədən dərhal sonra Qarabağda yaşayan erməniləri sülhməramlılar tez bir zamanda çıxartdı, amma digər məsələlər gecikir. Bu gün erməni hərbçiləri Azərbaycan ərazisinə daxil ola bilirlər...

- Razılaşamaya görə, Rusiya tez bir zamanda erməni hərbi birləşmələrini çıxarmalı idi. Lakin ermənilər rus sülhməramlılarının arxasında gizlənib, öz ideyalarını həyata keçirirlər. Ermənistan Rusiyanın əli ilə Qarabağa silah daşıyırsa, terrorçuluğa davam edirsə, bu, dözülməz həddə çatacaq. Azərbaycan orada olan separataçıları əhilləşdirmək üçün müəyyən addımlar atacaq. Rusiyanın hal-hazırda Azərbaycana qarşı etdiyi bu hərəkəti doğru saymıram. Rusiya tərəfsiz mövqeyini saxlamaq istiyirsə, Ermənistana təsir etməlidir, qəbul edilən bəyanatların şərtləri yerinə yetirilməlidir.



- Görünən odur ki, sülhməramlılar vaxt qazanıb, münaqişənin davam etməsi və orada qalma müddətlərini uzatmaq niyyətindədirlər. Bəs Milli Məclis sülhməramlıların işinə son verilməsi üçün Prezidentə təklif verəcəkmi?

- Buna qədər bir çox mərhələ baş verməlidir. Hazırda Azərbaycan Rusiya tərəfini nota ilə xəbərdar edib, həmçinin birtərəfli olaraq qanunları pozan, Qarabağda sepearatçılıq edənlərlə bağlı da addımlar atılmalıdır. Əgər Rusiya tərəfi buna qarşı maneçilik törədəcəksə, o zaman növbəti mərhələ işə düşəcək. Rusiya başa düşəcək ki, sülhməramlıların çıxarılması üçün Azərbaycan parlamenti Prezidentə təkliflər verəcək. Bunun üçün Azərbaycan digər metodlardan istifadə etməlidir. Belə proses üçün əsas yaransın. Düşünürəm ki, belə bir addım üçün artıq əsas var. Rəsmi Bakı son zamanlar Rusiya ilə də bağlı müəyyən fikirlər səsləndirib. Biz niyə Rusiyaya, sülhməramlılara ehtiraz etməməliyik?

- Bildirdiniz ki, Azərbaycan Rusiya tərəfinə nota verib, amma bu Müdafiə Nazirliyi səviyyəsində olub. XİN-in belə bir notası olmayıb...

- Mən nə Prezident aparatında, nə XİN-də çalışmıram. YAP-ın komandasının üzvü olmadığıma görə, bu məlumatlar mənimlə bölüşülmür. Amma hər halda bizə də məlumatlar daxil olur. Yəqin ki, bunu məqbul biliblər. Ola bilsin ki, elə məsələ var Azərbaycan bunu edə bilmir.

Ruzbeh
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər