Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdindəki Respublika İncəsənət Gimnaziyasının uzun müddətdir təmirə bağlanması valideynlərin narazılığına səbəb olub.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, valideynlərin sözlərinə görə, müəssisənin təmiri ilə bağlı uzun müddətdir hər hansı bir yenilik yoxdur: “Ötən ildən bəri təmirə bağlanıb. Söküntü işləri bitib, ancaq hazırda proses dayanıb. Deyilmişdi ki, sentyabr ayında təmir yekunlaşacaq. Lakin bu da baş tutmadı”.
Şikayətçilər həmçinin qeyd edib ki, təmir məqsədilə başqa məktəblərə köçürülən şagirdlər dərsə ikinci növbədə gedir: “Gimnaziyanın şagirdləri uzun müddətdir 189 və 190 nömrəli tam orta məktəbə köçürülüblər. Lakin uşaqlar məktəbə ikinci növbədə gedir. Bu da özlüyündə müəyyən problemlərə yol açır. Əsas məsələ odur ki, gec saat olduğu üçün əsas ixtisas fənlərinin 80 faizi onlayn formatda keçirilir. Uşaqlar həm bu dərslərdən geri qalırlar, həm də tıxaca görə evə gec gəlirlər. Bu da yorğunluğa səbəb olur. Bir sözlə bu, övladlarımızın təhsilində ciddi çətinlik yaradır. Tez zamanda təmirin yekunlaşmasını və yaxud köçürülən məktəbdə dərslərin birinci növbədə keçirilməsini tələb edirik”.
Valideynlər həmçinin çoxsaylı şikayətlərlə əlaqədar olaraq Gimnaziyanın qarşısında aksiya keçiriləcəyini bildirib.
Qeyd edək ki, Respublika İncəsənət Gimnaziyası 2024-cü ildə əsaslı təmirə bağlanıb.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə (BŞTİ) sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir: “Yenidənqurma işləri gimnaziyanın tədris və yaradıcılıq mühitinin daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir.
Layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısamüddətli ləngimə baş verib. Buna baxmayaraq növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur”.