Bəzi insanlar vəzifəyə gəlir, fəaliyyət göstərir və gedirlər. İllər keçir, adları yalnız rəsmi sənəd və protokol siyahılarında qalır. Amma elə insanlar da var ki, onların izi tutduqları vəzifədən daha uzunömürlü olur, insanların yaddaşında yaşayırlar. Çünki sadəcə dövləti təmsil etmirlər, dövlətin vətəndaşa olan münasibətini də öz fəaliyyətləri ilə nümayiş etdirirlər.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, hörmətli dr. Rəşad Məmmədovun Ankaradakı diplomatik missiyası başa çatarkən, istər-istəməz son beş il gözlərimin önündən keçir. Bu yazı da həmin xatirə, müşahidə və hisslərin ifadəsidir. Nə təşəkkür məktubudur, nə də şəxsi münasibətin təzahürü. Sadəcə, gördüklərimə verdiyim vicdanlı şahidlikdir.
***
Rəşad müəllimin Ankaraya ilk təyin olunduğu günlər sanki dünən idi.
Həmin vaxt Ankarada - Qazi Universitetində doktorantura təhsili alırdım. Onun paytaxta gəldikdən sonra iştirak etdiyi ilk tədbirlərdən biri Azərbaycanla bağlı universitetimizdə təşkil etdiyimiz proqram idi.
Tədbirdən sonra bizimlə geniş söhbət etdi. Vurğuladı ki, Türkiyədə görüləcək işlər çoxdur, burada yaşayan azərbaycanlılarla, xüsusilə tələbə və gənclərlə daim iş aparılmalıdır.
Pandemiyanın tüğyan etdiyi günləri də yaxşı xatırlayıram. Sərhədlər bağlanmış, universitetlər distant təhsilə keçmişdi. Türkiyədə təhsil alan tələbələr, müxtəlif məqsədlərlə müvəqqəti bu ölkəyə gələn azərbaycanlılar üçün çətin günlər idi. Həmin dövrdə səfirliyin fəaliyyəti artıq adi diplomatik nümayəndəliyin iş rejimindən kənara çıxmışdı. Cənab səfirin rəhbərliyi ilə təşkil olunan çarter reysləri, vətəndaşların müraciətlərinə operativ yanaşma və problemlərə həssas münasibət soydaşlarımızda dövlətə olan etimadı daha da möhkəmləndirdi.
2020-ci ilin payızında isə Azərbaycanda 44 günlük Vətən müharibəsi başladı. Azərbaycanın ən həlledici günlərində Türkiyədəki diplomatik missiyanın üzərinə düşən məsuliyyəti təsəvvür edin. Həmin günlərdə də səfirin nümayiş etdirdiyi peşəkarlıq, ekstremal situasiyada diplomatlara məxsus soyuqqanlılıq və təmkinin şahidi olduq. Hər açıqlaması ilə Azərbaycanın haqq səsinin Türkiyədə ən yüksək səviyyədə müdafiə olunması, rəsmi təmasların koordinasiyası və ictimai diplomatiyanın uğurla aparılması Azərbaycan–Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verdi.
2023-cü il fevralın 6-da Türkiyə əsrin fəlakətini yaşadı. Xüsusilə zəlzələ nəticəsində Kahramanmaraşda baş verən fəlakət hər kəsi sarsıtdı. Bölgədə çoxlu sayda azərbaycanlı yaşayırdı. Həmin günlərdə Ankaradakı Səfirliyimizin necə səfərbər olduğunu yaxından izləyirdik. Qaynar xətlər yaradıldı, bölgələrdə olan vətəndaşlarımızla fasiləsiz əlaqə saxlanıldı, onların təxliyəsi üçün bütün diplomatik heyət gecə-gündüz çalışdı. Belə məqamlarda dövlətin vətəndaşına yaxın olması xüsusi güvən hissi yaradır. Azərbaycanın Türkiyədəki Səfirliyi həmin günlərdə də bu missiyanı uğurla yerinə yetirməyi bacardı.
***
Rəşad müəllimlə söhbətlərimizin birində söylədiyi bir fikri də bütün aydınlığı ilə xatırlayıram:
"Azərbaycanın öz xalqına və dövlətçilik maraqlarına sadiq gənclərə ehtiyacı var. Türkiyədə qazandığınız bilik və təcrübəni mütləq ölkəmizə xidmətə sərf etməlisiniz".
Bu sözlər sadəcə xoş münasibətin ifadəsi deyildi. Həmin cümlələr insanın üzərinə məsuliyyət qoyurdu. Bu, onun gənclərə, onların potensialına və Azərbaycanın gələcəyinə olan inamının göstəricisi idi. Cənab səfir gənclərin qazandığı bilik və təcrübəni dövlətimizin gələcəyinə qoyulan sərmayə kimi qiymətləndirirdi. Ən önəmlisi isə bunu söz xatirinə demir, insanlarla ünsiyyətində onlara dəyər verdiyini, inandığını və gözləntilərinin olduğunu hiss etdirirdi. Bu gün onunla ünsiyyətdə olmuş çoxsaylı azərbaycanlı da bunu səmimiyyətlə etiraf edir.
Əsl dövlət adamının ən mühüm xüsusiyyətlərindən biri də budur: insanlarda doğulduğu ölkə naminə məsuliyyət hissini gücləndirmək.
***
Keçən aylarda Cənab səfir Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Tədris Ocağımızı ziyarət etdi. Fəaliyyətimizlə yaxından maraqlandı, Mədəniyyət Mərkəzimizin direktoru Samir Abbasovla birliklə həyata keçirdiyimiz işlər barədə Rəşad müəllimə geniş məlumat verdik, diqqətlə dinlədi və həmişə olduğu kimi, dəyərli tövsiyələrini bölüşdü. Söhbətin mərkəzində yenə də Azərbaycana xidmət, Azərbaycan dilinin və mədəniyyətinin layiqincə təbliği, gənclərdə dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi və üzərimizə düşən məsuliyyət dayanırdı. Sonda bu istiqamətdə həyata keçirəcəyimiz təşəbbüslərə hər zaman dəstək verməyə hazır olduğunu səmimiyyətlə ifadə etdi.
***
Qeyd etməliyəm ki, beş il ərzində Rəşad müəllimdən heç vaxt şəxsi işim üçün nə bir xahişim, nə də hər hansı xüsusi gözləntim olub. Lakin xüsusilə tələbə olduğum illərdə Türkiyədə yaşayan bir azərbaycanlı kimi içimdə həmişə bir arxayınlıq hissi vardı. Bilirdim ki, əgər nə vaxtsa doğrudan da burada çətin vəziyyətə düşərəmsə, tərəddüd etmədən üz tutacağım ünvanlardan biri Azərbaycanın Ankaradakı Səfirliyi olacaq. Və bilirdim ki, həmin qapını döysəm, Cənab səfir öz soydaşını dinləyəcək və əlindən gələn dəstəyi əsirgəməyəcək. Şükür ki, belə bir çətinliklə üzləşmədim.
Biz Türkiyədə Cənab səfirimiz - dr. Rəşad Məmmədovun simasında dövlətinə inanan, onu ləyaqətlə təmsil edən bir diplomat gördük. Və düşünürəm ki, bir diplomatın fəaliyyətinin ən doğru qiyməti onun vəzifədən ayrılması zamanı verilir. Əgər insanlar onun gedişini adi bir kadr dəyişikliyi kimi deyil, səmimi bir ayrılıq hissi ilə qarşılayırsa, deməli, o, təkcə vəzifəsini layiqincə yerinə yetirməyib. Eyni zamanda dövlətinin etimadını doğrultmaqla yanaşı, insanların da etibarını qazanmağı bacarıb.
***
Cənab Səfir, hörmətli Rəşad müəllim!
Türkiyədəki diplomatik fəaliyyətiniz başa çatır. Əminik ki, burada qazandığınız hörmət, yaratdığınız etimad və qoyduğunuz iz uzun illər yaddaşlardan silinməyəcək. Bundan sonrakı fəaliyyətinizdə harada xidmət edəcəyinizdən asılı olmayaraq Azərbaycan dövlətini yenə də eyni ləyaqət, eyni peşəkarlıq və eyni insanlıqla təmsil edəcəyinizə ürəkdən inanırıq.
Sizə bundan sonrakı şərəfli fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və Azərbaycan dövlətinə xidmət yolunda daim müvəffəqiyyətlər arzulayırıq.
Dr. Şəhla Aslan,
Türkiyənin Qazi Universitetinin tədqiqatçı alimi