Ru
11:14 / 29 İyul 2021

Dünyanın hər yerindən görünəcək qədər böyük...

1572


Çingiz Özgür

Vüsalə Məmmədova ilə dostuq. Yaxın dost! Bəzən uzun müddət görüşməsək də bir-birimizi anlayan dostuq. Və neçə illərdir ki, Vüsalə nə yazsa, ilk gördüyüm anda, yubatmadan oxumağa, baxmağa çalışmışam. Votsap mesajından ta kitaba kimi, nə yazıbsa, görmüşəmsə dərhal oxuyub reaksiya vermişəm...


Düz 3 gündür hissə-hissə, kiminsə paylaşımında görürəm, amma baxammıram. Niyəsin özüm də bilmirdim, amma baxammırdım. "Əsir düşərgəsi"ndən mövzu ilə tanışam deyə, bəlkə də üşənirdim, bir az həssas, bir az çətin dönəmdə olduğumdan ürək eləmirdim.

Yooox, orda nə görəcəyim heç ağlıma da gəlməzdi. Bizim "Əsir düşərgəsi"ndən beynimizdə düşərgə salan bir nigaran, narahat ruh vardı. O nigaran və narahat ruhun rahatlığa qovuşma hekayəsini izləyəcəyimi sanırdım. Çətin və ağır olacaqdı, amma dostum canlı-canlı yaşamışdısa, biz baxmağı bacarmalıydıq axı...

Toparlandım, hər yerdən təcrid ola bilim deyə mümkün qədər kənara çəkildim, qulaqlıqlarımı taxdım və baxmağa başladım.Başladım və bitirdim...
Biz qələbəyə susamışdıq. Bəlkə də bu susuzluğun vurduğu oddan, canımıza yayılan sərin suyu- Qələbə xəbərini hər zərrəmizdə hiss edən kimi, susuz illərimizin, aylarımızın acığını çıxmaqçün qələbəmizi sərgiləməyə başladıq. 30 ildi bizə edilənlər yaddan çıxdı, bir anda canımıza yayılan Qələbə təşnəsiylə düşmənə etdiklərimizi, qazandığımızı sərgilədik! Boş qalan dəbilqələrin bir- birinə dəyib çıxardığı səsdən qulaq tutuldu. Ara qarışdı, amma şükür ki, məzhəb itmədi.

30 ildi bizə edilənlərin sərgisini görməyənlər, 30 dəqiqədə bizim etdiklərimizin sərgisini gördülər, qınadılar, hay-haray saldılar...
Bizə edilənlərin sərgisi var idimi? Əlbəttə ki, var idi! Bu sərgilərdən ən böyüyünü elə baxdığm filmin müəllifi, sayın Vüsalə xanım, sayın Qabil Abbasoğlunun "Lent.az"ında layihə olaraq yaratmışdı. Sonra o layihə böyüyüb kitab olmuşdu, həm də iki kitab: " Cəhənnəmdə böyük çığırtı" və "Əsir düşərgəsi" adlı iki kitab. Bunlardan birincisini müəllifdən bir neçə nüsxə imzalatmış və öz rayonumuzda məktəblərə bağışlamışdım. Düşünürdüm ki, məktəblərdə ən azından yuxarı siniflər və müəllimlər bunları oxumalıdır. Bütün məktəblərdə.

Bəli, o iki kitab bizə edilənlərin, bu xalqın övladlarının başına gətirilənlərin açıq sərgisi idi. Nəzəri sərgi...

Vüsalə ən başda qeyd etdiyim, 3 gündür baxa bilmədiyim filmində o sərgiyə fərqli bir dəyər qatıb. Maddi sübut olaraq. İndi bizə yaxşı bir sərgi salonu lazımdır. Ekranında "Alça ağacının altındakı məzar" filmi dayanmadan nümayiş olunan bir kinoteatr və işıqlar altında hər tərəfdən diqqət çəkən həmin o cinayət aləti dırmıqdan ibarət sərgi. Böyük, çox böyük bir bina, içində bir ekran pərdəsi və bir dırmıq! Çox böyük bir sərgi, laaap böyük!

Dünyanın hər yerindən görünəcək qədər böyük...

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər