Ru
10:33 / 12 Oktyabr 2026

Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?

Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
Eye

Nazirlər Kabinetinin şagirdlərin geyimi ilə bağlı qərarı hicab müzakirəsini yenidən aktuallaşdırıb: qarşılıqlı iddialar, hər kəsin söykəndiyi “əsaslar” nə qədər desən...

Ancaq illah ki, bu müzakirə açılıb, bəlkə, sərhədlərini və əhatə dairəsini daha geniş götürək?

Əvvəlcə onu mütləq şəkildə bilməliyik ki, geyim tərzi - istər başörtüsü, istər çadra, istər əba, çuxa, kürk, börü, papaq, yapıncı - hər şey coğrafi yerləşimlə, iqlimlə birbaşa bağlıdır. Yəni xalqlar tarixən milli geyimləri havadan qoxulayıb almayıblar, hava şəraitinin diktəsi ilə geyim formalaşdırıblar və əlbəttə ki, sonradan bu geyimlərə xüsusi bəzəklər-filan da əlavə olunub.

Hazırda müzakirə edilən hicab, ximar, çadra da Ərəbistanda yaşayan xalq və ya xalqların qədim milli geyim tərzidir. Yəni indi islam geyimi atributları kimi qəbul edilənləri islam dini icad etməyib.

Başın bağlanması, qadınların evdən çıxarkən çadra adlandırdığımız “uzun parça”ya bürünməsi, yaşmaqlanması, bəzi hallarda gözünü də tülün arxasında gizlətməsi - Ərəbistanda islama qədər qadınların istifadə etdiyi norma idi. Çünki Ərəbistanda cəhənnəm istisi olduğunu və insanların günəşdən qorunması gərəkdiyini xüsusi izah etməyə ehtiyac yoxdur.

Həmçinin əhəmiyyətli hissəsi səhradan ibarət olan bu coğrafiyada ağzı, gözü, üzü - hər yeri bağlamadan çöldə hərəkət etmək çox çətindir. Əgər bir azca, düymə boyda açıq yer qalarsa, ordan bədənə, saça dolan qumu suyun çətin tapıldığı və müasir hamamların olmadığı o coğrafiyada təmizləməyin necə məşəqqətli olduğunu təsəvvür etmək asandır.


Və Ərəbistanda yalnız qadınlar bu cür qapanmırdılar, eyni geyim tərzi kişilərə də aid idi: kişilər də başlarına çalma vurur, hər yerlərini örtən əba geyinir, sifətlərini gündən qorumaq üçün niqab və ya təbii örtükdən - saqqaldan - istifadə edirdilər (qum fırtınalarında təbii ki, saqallarını da bərk-bərk bağlayırdılar) v' haz;rda da bel'dir/

Yəni xalqlar hansı iqlim şəraitində yaşayıblarsa, milli geyim tərzləri də ona uyğun formalaşıb.

Zəruri bir əlavə də edək ki, hazırda soyuqdəymədən və ya günvurmadan qorunmağın ən ideal yolu da milli geyimdir: əgər insan milli geyiminə riayət etsə, daha az xəstələnər.

Nə qədər qəribə də olsa, Ərəbistanda bu milli geyim zaman keçdikcə həm də sosial statusun istifadəsinə çevrilmişdi. Yalnız elitaya aid şəhərli xanımlar, azad qadınlar başı örtmək, üzü gizləmək, ictimai yerdə çadraya bürünmək haqqına sahib idi, qul və kənizlərin bu haqqı yox idi. Azad olmayan qadınlara “azad qadınlar” bu haqqı vermirdilər - çünki gözəl, sağlam qalmaq, günəşdə yanmamaq, quma batmamaq ancaq zadəgan qadına aid ola bilərdi.


İslam - ilk başdaca bu ədalətsizliyi aradan qaldırdı, qul və kənizlərin də gözəl qalmaq, günəşdən və qumdan qorunmaq haqqını tanıdı. İslamı qəbul edən kənizlər də qapanmalıydı və bu, həm də onların sosial mənsubiyyətini gizlətmək fürsəti idi.

Qurani-Kərimdə qadınların qapanması ilə bağlı ayələrə baxaq:

“Mömin qadınlara de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və zinadan qorunsunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, atalarından, ərlərinin atalarından, öz oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, müsəlman qadınlardan, sahib olduqları kölələrdən, ehtirasını itirən kişi xidmətçilərdən, qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər...” (ən-Nur, 31).

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir”. (əl-Əhzab, 59).

“Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və onun elçisinə itaət edin...” (əl-Əhzab, 32-33).

“Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını sizə bəyan etməkdən utanmır. Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır”. (əl-Əhzab, 53).

Müqəddəs kitabda qadınların “qapanma ayələri” bunlar olmalıdır - əlbəttə ki, daha dəqiqini ilahiyyatçılar bilər. Sadəcə əlçatan olan bu məlumatları paylaşmaq və 4 ayədən 3-nün Peyğəmbərimizin ailəsinə aid olduğunu vurğulamaqla düşünməyi və nəticə çıxarmağı özünüzə buraxıram.

Yalnız bir-iki məqama toxunmaqla:

1. Ərəb zəngin qadınlar ayaqlarına qızıl bağlayır və yeriyərkən ayaqlarını yerə bərk vururdular ki, qızıllar bir-birinə dəyib səs çıxarsın, bu, onların varlı və deməli, üstün olmalarının nümayişi idi;

2. Cahiliyyə dövründə açıq-saçıq gəzməyə məcbur olmaları yada salınır;

3. Çadra - həm də tanınmadan gəzməyə, rahat olmağa imkan yaradır...

Türklər və azərbaycanlıların geyimi

Türklərin, o cümlədən azərbaycanlıların milli geyimlərini hər yerdə görə və incələyə bilərsiniz: baş örtüsü - kəlağayı, arakçın, papaq... - var, amma hicaba və buna bənzər nəyəsə ehtiyac yoxdur, çünki iqlim ərəblər kimi qapanmağı diktə etmir.


Yeri gəlmişkən, tərəkəmə həyatında “büsbütün örtülən” çobanlardır - motalpapaq və yapıncı ilə. O geyimi də Çöl, hava şəraiti diktə edib.


Həmçinin ərəb ənənələri ilə türk ənənələri, ərəb əxlaqı ilə türk əxlaqı arasında böyük fərqlər var: türklərdə qız uşaqlarına xor baxılmayıb, ərəblərdən fərqli olaraq, doğulan kimi diri-diri basdırılmayıb, qız kimi də, evin xanımı kimi də, ana kimi də haqqı yüksək səviyyədə qorunub.

Türklərdə xanımların öz kimliklərini gizləməsinə ehtiyac yox idi - çünki türklərdə “cahiliyyə dövrü” olmayıb, türklərin bilinən bütün tarixində xalq öz qanunlarına, törəsinə tapınıb.

Sonradan ərəblərin geyim tərzi Qurandakı bəzi ayələrdən sui-istifadə edilməklə siyasi-ideoloji təbliğat vasitəsinə çevrildi və zaman-zaman bundan istifadə olundu: Sufilər ağ dəvə yunundan əba geyinirdilər, adlarının da burdan yaranması iddiası var; elə qızılbaşların da.

Yaxud bığını qırxıb, saqqalını uzadanlar, gödəkbalaqlar...

Geyim həmin təriqətin, məzhəbin nümayişidir: eyni dini ideologiyanı bölüşdüyünü kənardan bildirmək, bir-birini dərhal tanımaq və ünsiyyətə, birləşməyə imkan yaratmaq üçün.


Yəni islamın yayılması ilə geyimlər də 1400 ildir siyasi-ideoloji təbliğat silahına çevrilib.

Azərbaycan da Tacikistandan, Qazaxıstandan, Özbəkistandan, Türkmənistandan sonra qərar verdi ki, bu siyasi-ideoloji silahın tətiyində başqalarının barmağı var və heç olmasa, orta məktəbləri - təhsil-tərbiyə ocaqlarını qorusun.

Azərbaycan doğrumu qərar verdi?

Əvvəla:

Hicabın fəlsəfəsi ilə Azərbaycanda bəzilərinin başörtüsü arasında ziddiyyəti də vurğulamalıyıq. Hicabın altından saçın xüsusi yığılması, bədən əzalarını göstərən kip paltar geyinilməsi... - bu artıq bədəvi milli paltarından stil düzəldib, özünə daha çox diqqət çəkməkdir - əlbəttə ki, tam səmimi hicab bağlayanlar qətiyyən bu iradı özlərinə qəbul etməməlidirlər.

İkincisi:

Deyə bilərsiniz ki, Orta Asiya ölkələri qərar verib, Azərbaycan, məsələn, niyə Kanadadan deyil, Qazaxıstandan “nümunə” götürür? Axı hərdən təkəbbürlə Avropa ölkəsi olduğumuzu deyirik!

Bu məqamda hicabın orta məktəbdə qadağan olunduğu Kuzey Kıprısın adını dərhal vurğulamaq lazım gəlir - yəni söhbət Asiyada, Avropada yerləşməkdən getmir, söhbət nümunədən də getmir - məsələ kimlərinsə ərəb milli paltarını azərbaycanlı uşaqların boyuna biçməsindən və altşüurunda qurdalanmasından gedir.

Üçüncüsü:

Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün 6 ildən çoxdur quru sərhədlərini bağlı saxlamağa davam edir. Bu, ölkə iqtisadiyyatına, turizmə ciddi ziyan vurur, buna baxmayaraq, müəyyən ideoloji-siyasi təsir-təzyiqlərin öhdəsindən gəlmək üçün dövlət bunu vacib sayır.

Azərbaycan təhlükəsizlik səbəbindən özünə ziyan vurmaq bahasına sərhədini bağlı saxlayırsa, demək ki, hicabla bağlı narahatlığı da səbəbsiz deyil - yoxsa ağrımayan başına dəsmal niyə bağlayır?!

Dördüncüsü:

20-ci əsrin əvvəllərində qadın azadlığı ilə bağlı Azərbaycan ziyalıları şəhid də verdi (Hüseyn Ərəblinski), ancaq böyük prosesdən geri durmadı. İndi necə bu əks-prosesə göz yummaq olar?

Bu və saymadığımız digər arqumentlərlə tam mənası ilə demək mümkündür: Nazirlər Kabineti doğru yolu izləyir! Amma bu doğru yolun tətbiqi mexanizmi doğru deyil.

İnsan elə bir varlıqdır ki, nə qadağan edilirsə, ona doğru can atır - bu, Adəmlə Həvvanın cənnətdən qovulmasından üzü bəri belədir. Bəlkə də alma (və ya buğda) qadağan edilməsəydi, Həvva nənəmiz ona heç toxunmayacaqdı və indi hicab dartışması əvəzinə cənnətdə kef edirdik!

İranda başı açıq gəzmək qadağandır - son illərdə neçə dəfə İran qadınları kütləvi aksiyalara çıxıb, çadralarını yandırıb, başörtüsüz həyat uğrunda savaşa girib? Nə qədər şəhid verib İran xalqı bu yolda?

Ona görə də təbliğatla, maarifçiliklə, hər detalı açıq izah etməklə düzgün istiqaməti davam etdirmək lazımdır.

Biz axı “qılınc müsəlman” deyilik - ümid edirəm ki, sözdən qanarıq...

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar