12:43 / 19 Avqust 2021

Düşünmək qorxusu...

3143

Bahəddin Həziyev

Dekartın postulatı və ya fikirlər haqqında fikirlər

Feysbukdakı hesabına nə zaman daxil olsan, belə bir sualla qarşılaşacaqsan: "Nə düşünürsən?" Səndən düşündüyünü yazmaq tələb olunur. “Nə görmüsən?” və ya “Nə eşitmisən?” deyə soruşmur. Düşündüyünü soruşur. Əvvəlcə düşünmək, sonra yazmaq... bunlar təkcə düşüncələri yazmaq anlamında deyil, ilk növbədə DÜŞÜNƏRƏK YAZMAQ anlamındadır (hətta düşüncələrini yazarkən belə düşünmək).

Və başqalarının sosial media hesablarındakı paylaşımlara yanaşma da başqa ardıcıllıqla olur: əvvəl oxumaq, izləmək, dinləmək, sonra düşünmək. Bu, kitaba da, qəzetə də aiddir. Görə, eşidə, oxuya, düşünə biləcəyin hər şeyə. Sənin verdiyin bütün informasiyalar düşüncə meyvəsidir; hətta özünün sanki bəlirli standartları, çərçivəsi olan xəbər belə.

Sən bir xəbəri verməzdən əvvəl onu araşdırırsansa, hazırlayırsansa, ötürürsənsə, bütün bu proseslərin əsasında fikir dayanır. Çünki sən bir xəbəri hazırlayıb verənə qədər yetərincə böyük sayda kiçik qərarlar verirsən. Çoxunu beynin özü səndən sanki avtonom olaraq emal edir, çeşidləyir, yayılmasına icazə verir. Bu, çox sayda qərar qəbul etmək deməkdir. Bütün qərarların məhvərində isə fikir dayanır.

Mənim jurnalistikada ilk müəllimlərimdən biri olan əfsanəvi Nəcəf Nəcəfov öyrədirdi ki, istənilən hadisə yerində, hardasa toplantıda, kiminləsə müsahibədə, yaxud hansısa bir xəbər alanda - hər situasiyada birinci əsas və alternativ fikirləri tutmaq lazımdır.

Bəli, hətta kriminal olayın, onun xəbərinin də “bətn”ində fikir gizlənib; Roskolnikovun sələmçi qarını öldürməsinin kökündə duran fikri Fyodor Dostoyevski sezə bilməsəydi, "Cinayət və cəza" kimi bir fenomenal ədəbi şedevr də yaranmazdı.

...Azərbaycanda söz, fikir, məlumat azadlığı ilə bağlı, xüsusilə, son illər çox hesabatlar açıqlanıb. Onların da, demək olar ki, hamısında bizdə vəziyyətin çox pis olduğu vurğulanıb. Biz media azadlığı indeksini müəyyənləşdirən beynəlxalq qurumların gözündə heç zaman "azad ölkə" ola bilmədik - bu, faktdır. Bir mərhələdə "yarıazad" ola bilmişdiksə, sonra "azad olmayan"a çevrildik. Hərçənd hər zaman dəfələrlə vurğulayırıq ki, senzuranı ləğv etmişik, mediaya maliyyə dəstəyi vermişik, indi də davam edirik və sair və ilaxır. Ölkədə minlərlə media quruluşunun olduğunu arqument olaraq göstərmişik. Bunlar hamısı doğrudur. Amma biz niyə hələ də "azad ölkə" deyilik?!

Bəlkə doğrudan da, Azərbaycandakı media mühitini qiymətləndirən qurumlar qərəzli və birtərəfli yanaşırlar?! Bəli, bu da var; bütün beynəlxalq təşkilatlar da hansısa maraqların müdafiəçisi və ifadəçisidir. Biz onları qırağa qoyaq, özümüz özümüzə kənardan baxaq: azadıqmı?! Deyilik!

Bunun çox səbəbləri var. Onların hamısını təhlil etməyə bəlkə heç ehtiyac da yoxdur; görünən kəndə bələdçi lazım deyil. Mən, sadəcə, diqqəti fikir azadlığına cəlb etmək istərdim. Hə, ola bilsin, hardasa, az da, aldadıcı da olsa, xəbər azadlığına nail olmuşuq (ki, bu da hələ şübhəlidir; baxır hansı xəbərin azadlığı).

Məncə, media azadlığının bünövrəsində informasiyanın azadlığından da çox, fikrin azadlığı dayanır.

Tarixin elə qaranlıq dövrü var ki, fikir var, azadlıq yoxdur. Elə zamanlar da olur ki, azadlıq var, fikir... yoxdur. Bunun açması nədir?!

Fikir ifadə olunduğu formada və ölçüdə var. İfadə olunmursa, yox deməkdir.

"Azadlıq var, fikir yoxdur" situasiyasına gəlincə, bəli, fikir o qədər uzun müddətdə və o qədər sərt formalarda boğular ki, bir gün ona azadlıq haqqı tanıyanda ortada bir fikir də olmaz. Çünki ifadə oluna bilməyən, bildirilməyən rəylər, sadəcə olaraq, ölüdür; dəhşətli komplekslər, fobilər formalaşdırır. İnsanlar nəinki düşündüyünü danışmaqdan, hətta düşünməyin özündən belə sürəkli qorxu keçirirsə, bu, onların psixikasının dərin qatlarında möhkəm oturur. Bir gün fərqli, fərdi fikrə meydan açıqlanda da, o meydana çıxmaqdan çəkinir. Çünki az əvvəl həmin meydanda fikirə görə qurulan dar ağaclarını, edam kötüklərini, vurulan başları, kəsilən dilləri, oyulan gözləri... öz gözləri ilə görmüşdü axı. İnsanın psixikası zədələnib, fikri iradəsi belə iflic olub axı.



İfrat sərt reqlamentasiyalar insanları öz fikirlərini azad ifadə etməkdən o qədər çəkindirib ki, onlarda qolossofobi, yəni fikirlərini ictimai platformalarda açıqlamaq hürküsü yaranıb. Hələ də diktofondan, mikrafondan qorxanların sayı milyonlarladır ölkədə. Bu da sonda düşünmək qorxusuna (!) - fronemafobiyə çevrilir. Belə bir durumda nəinki medianın azadlığından, inkişafından danışmaq olar, heç bir inkişafdan söhbət gedə bilməz.

Bizim bütövlükdə ölkə... olaraq inkişafımız fikir azadlığından asılıdır. Azadlıq varsa, fikir var, fikir varsa, fikir mediası var, yəni açıq müzakirə platformaları var. Bunlar varsa, doğru qərarlar olacaq. Doğru qərarlar isə inkişafa aparacaq.

Bir çox hallarda ictimai həmrəylikdən danışırıq. Əgər azad ifadə oluna bilən fərqli rəylər yoxdursa, hansı həmrəylikdən söhbət gedə bilər?! Həmrəylik - hamının eyni fikirdə olmaq məcburiyyəti deyil ki. Fərqli fikirlərin uzlaşma nöqtəsdir.

...Çay yatağı boyu səpələnmiş çox sayda daş nə ifadə edir?! Ən yaxşı halda təbiət estetikasının bir elementini. Funksional bir tərəfi olmayan cansız cismi. Ancaq onları bir-birinin yanına, üzərinə qoyub divar hörsək, bu, içində yaşanacaq ev olacaq. Daşların ağırlığı, bərkliyi və rəngi var. Bu xassələri bir yerə toplasaq, bizə bir faydası dəyəcək. Əks halda bu daşlar nə vaxtsa ayağımıza dəyəcək, sadəcə. Təbii, əgər başımızı qoruya bilsək.

Və indi baxın: təbiətdə o sayda çoxlu daşlar olmalıydı ki, biz onlardan ev tikə bilək. Gəlin, fikir müxtəlifliyi zərurətinə məhz bu nöqtədən baxaq.

...Hə, o daşların bərklik, ağırlıq xassələrini öldürücü silaha çevirənlər varsa, bunun da cəzası var...

Qısası, bizim ictimai inkişafımızın əsası - fikirdir. Azad fikir, azad fikir mediası – öz düşündüyünü deməyə öz platforman varsa, azad ölkə də var. Bunlar yoxdursa, heç nəyin yoxdur demək...

Dekartın: "Düşünürəmsə, varam" postulatına gəlib çıxdıq sonda...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər