Ru
23:13 / 13 Yanvar 2021

Əhaliyə su verməyən quruma niyə 120 milyonluq bina tikilir?

4427

Əzizə İsmayılova

Bir el misalımız var "əynində yox arxalıq, könlündən keçir koxalıq". İndi bizim xəzinədən pulların konfet kağızı kimi sağa-sola səpələnməsi, eynən ona bənzəyir. Büdcəmiz də, maşallah olsun, pis gözlərə bıçaq, tala-tala bitmir, tükənmir... Nə olsun bizə çatmır. Əsas odur var..


Əhalisinin yarıdan çoxunun 190 manat üçün gecə-gündüz qulağı səsdə olan bir məmləkətdə

“Azərsu”nun yeni binası üçün - 120 milyon dollar
“MərkəziBank”ın yeni binası üçün - 265 milyon dollar
SOCAR-ın yeni binası üçün - 306 milyon dollar vəsait ayrılır... Hansı ki, o pullar gecə-gündüz bir qarın çörək üçün çalışan əli qabarlıların maaşına əlavə olunsaydı, bütün ailələrə uşaq pulu verilsəydi, ölkədə hamı bəy balası kimi yaşayardı...

“Azərsu”nun bir milyon dərdi var həll olunmayan, hələ də içməli su olmayan nə qədər ərazilər var, həftə səkkiz, mən doqquz zəng edib "bizim suyun təzyiqi niyə yoxdur? Niyə yuxarı mərtəbəyə su çıxmır?" - deməkdən yağu-yesir olmuşuq.

Bu qədər dərdin, problemin içində nə vacibdir görəsən qalstuklu bəylər və ya xanımlar zülümlə ağız-ağıza gəldikləri avtobusdan düşüb qaça-qaça məhz o 120 milyonluq binaya girib çıxsınlar?

Hansı elmi, strateji, geoloji və s və ilaxır qlobal miqyaslı işlərin fonunda tələb olunur məhz belə milyonluq binalar? Bu bina yoxdur deyəmi bu qədər problemlər yığılıb üst-üstə? Yoxsa bütün problemlərin həlli bu milyonluq binaların tikilməsinə bağlıdır?

Yayın istisində, qışın soyuğunda yarıyacan suyun içində partlayan su xəttlərini çüyləyən fəhləsinə neçə manat maaş verir 120 milyonluq binada oturmaq istəyənlər?

SOCAR olsun, Mərkəzi Bank olsun. Digər qurumlardan, şirkətlərdən artıq tərəfləri, özəllikləri nədir ki, milyonluq binaları olması qaçılmaz olub.

Ölkədə nəfəsi alanda da, verəndə də borca dəyib üzünə yapışırsa, niyə bu pullar belə göyə sovrulmalıdır?

Nə ilə əsaslandırırlar bu layihələri qəbul edənlər? Şəhərdə göstəri üçün bahalı binaların daha çox olması xalqın rifah halının yüksək olmasının göstəricisidir yoxsa nə?

Ola bilər çox bəsit düşünürəm. Amma neynim, xəbəri oxuyanda beynimdən keçənlər bunlar oldu. Deməsəm olmazdı.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər