Ru
21:00 / 17 Aprel 2026

Əli Əsədovun vurulmasının əsl səbəbləri - Kimlər gedir və nələr olacaq...

Əli Əsədovun vurulmasının əsl səbəbləri -  Kimlər gedir və nələr olacaq...
Eye

Bu gün Baş nazir Əli Əsədovla bağlı mediada yayılan məlumat böyük ictimai reaksiya doğurub və geniş müzakirələr yaradıb. Çünki məqalədə Əli Əsədovun biznes imperiyası və külli miqdarda varidatının bir qismi ünvanlarına qədər göstərilir. Bu isə sıradan hadisə deyil.

Bakupost.az xəbər verir ki, faktların yayılmasından keçən müddət ərzində Əli Əsədov ittihamlarla bağlı heç bir açıqlama verməyib, eyni zamanda Nazirlər Kabineti də məsələyə aydınlıq gətirmək istiqamətində bir addım atmayıb. Bu da əslində nə baş verdiyi sualını önə çıxarır.

Ümumi mənzərə acınacaqlıdır

Azərbaycanda Nazirlər Kabineti böyük ölçüdə iqtisadi siyasəti həyata keçirən orqandır və baş nazir xüsusilə Prezidentin bu sahədəki göstəriş və tələblərini icra etməlidir.

Bəs, Azərbaycanın hazırkı iqtisadi vəziyyəti necədir?

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə baxaq:

- 2026-cı ilin ilk rübündə (yanvar-mart) ölkədə ÜDM 29 milyard 703,2 milyon manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalma deməkdir;

- eyni dövrdə neft-qaz sektorunda 1,2 faizlik geriləmə qeydə alınıb, qeyri-neft iqtisadiyyatında artıq isə cəmi-cümlətani 0,2 faizdir...

Bu, qeyri-neft sektorunun inkişafını prioritet seçən ölkə üçün olduqca zəif göstəricidir.

Ekspertlər də Cənubi Qafqaz ölkələrində Gürcüstanda 6–7%, Ermənistanda 4–5% artım qarşılığındakı Azərbaycandakı həddən artıq aşağı iqtisadi göstəriciləri həyəcan kimi qəbul edirlər.
Bu, birbaşa Nazirlər Kabinetinin qarşısında qoyulan tələbin yerinə yetirilməməsi deməkdir. Başqa sözlə desək, Əli Əsədov vəzifəsinin öhdəsindən gələ bilmir və bu, təəssüf ki, hamısı deyil.

Detalları aydınlaşdırmaq üçün məqalədən bəzi parçalara diqqət yetirək:

- “Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov hələ Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub”;

- “Burada məsələ təkcə Baş nazirin var-dövləti ilə bağlı deyil, onun idarəçiliyi və hakimiyyətdə sevmədiyi vəzifə sahiblərinə qarşı davranışı da ciddi araşdırma mövzusudur. Keçmişdə maraqları toqquşan bir məmurun digərinə qarşı mediaya kompromatlar ötürməsi, onu gözdən salması geniş yayılmış praktika olub.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun “sadiq silahdaşı” Əli Həsənov bu təcrübənin ideoloqları və flaqmanları kimi az qala bütün məmur korpusunu təzyiq altında saxlayıblar.

İllər keçdikcə, idarəçilikdə dərin islahatlar həyata keçirildikcə, bu ənənəyə də son qoyulduğunu demək istərdik. Lakin çox təəssüf ki, hazırkı Baş nazirin praktikasında belə hallar da var. Əli Əsədov bəzi “sevimli” jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur...”

Məqalədə bu iki hissənin əksini tapması o deməkdir ki, Əli Əsədov üzərinə düşən missiyanı yerinə yetirmək, ona tapşırılan vəzifənin öhdəsindən gəlmək, Prezidentin etimadını doğrultmaq əvəzinə (Məqalədə xüsusi vurğulanır:

“Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur”) biznesini inkişaf etdirməklə, sevmədiyi adamlara qarşı isə kampaniya aparmaqla məşğuldur.
Sevmədiyinə qarşı kampaniya aparanlar hazırda barəsində vətənə xəyanət ittihamı ilə cinayət işi aparılan Ramiz Mehdiyev və PA-nın sabiq şöbə müdiri Əli Həsənovdur.

Bu məqalədə də açıq şəkildə bildirilir: “Əli Əsədovun nümunəsi Azərbaycanda formalaşan yeni məmur obrazına uyğun gəlmir və köhnə ənənənin qalığı kimi dəyərləndirilə bilər. Hər halda, ortada dövlət başçısının tələbləri, göstərdiyi çərçivə var və kimliyindən, hansı postu tutmasından asılı olmayaraq heç kimi yeni dövrün standartlarından kənarda qala bilməz”.

Yəni: Əli Əsədov Ramiz Mehdiyev-Əli Həsənov prinsipi ilə işləyən kadrdır. Yada salaq ki, Əli Əsədov 2012-ci ildən 2017-ci ilə qədər Ramiz Mehdiyevin müavini olub. 2017-ci ildən 2019-cu ilə qədər isə PA-da iqtisadi məsələlər şöbəsinə rəhbərlik edib.

2019-cu ilin 8 oktyabrında PA-dan Nazirlər Kabinetinə Baş nazir olaraq gedib, bu təyinatdan 15 gün sonra isə Ramiz Mehdiyev PA-dakı vəzifəsi ilə vidalaşıb.

Görünür, Ramiz Mehdiyevin rəhbərliyi altında illərlə işləməsi Əli Əsədovun fəaliyyət prinsipinə və xarakterinə də təsir edib.

Hansı dəyişikliklər ola bilər?

Məqalənin ardı gözlənilir və çox güman ki, bu, təkcə Əli Əsədovun siyasi karyerasının bitməsi ilə yekunlaşmayacaq.

Məsələ ondadır ki, Əli Əsədov və onun rəhbərlik etdiyi bürokratik aparat - Nazirlər Kabineti Azərbaycanda yeni reformun inkişafına əngəlləməklə yanaşı, paralel sistem kimi fəaliyyət göstərir.

Hazırda Azərbaycanda idarəetmə modelinin transformasiyası prosesinin önündə dayanan strukturlardan biri də Nazirlər Kabinetidir. 2017-ci ildə Azərbaycanda referendum keçirildi və vitse-prezidentlik institutu yaradıldı. 2017-ci il 21 fevralda isə ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyinat oldu.

Vitse-prezidentlik institutunun yaradılması zamanı nümunə olaraq həm də ABŞ götürülmüşdü. Amerika Birləşmiş Ştatlarında isə başnazirlik institutu yoxdur.

Başqa cür desək, Azərbaycanda referendum keçirilib, vitse-prezidentlik institutu yaradılıb, eyni zamanda paralel “hökumət başçısı” funksiyasını daşıyan köhnə struktur qalmaqdadır.

Artıq 10-cu ildir ki, ölkədə Birinci vitse-prezidentlik institutu yaradılıb və mükəmməl də fəaliyyət göstərir, ancaq iqtisadi islahatları həyata keçirən struktur kimi başnazirlik qalmaqdadır və başnazirliyin əslində iqtisadi fəaliyyətlə deyil, şəxsi biznes imperiyasını böyütməklə, hakimiyyət daxilində nifaq yaratmaqla məşğul olduğuna bu gün açıq şəkildə üsyan edildi.

Əli Əsədovun Nazirlər Kabinetinə rəhbərlik etdiyi müddətdə Azərbaycanın iqtisadi göstəriciləri getdikcə aşağı düşüb və təəssüf ki, bu gün Qafqazın lider ölkəsi olsaq da, iqtisadi artım baxımından Gürcüstan və Ermənistan bizi bir neçə dəfə qabaqlayır.

Azərbaycanda 10 ildir vitse-prezidentliyə, 5 ildir Prezidentin xüsusi nümayəndəliyinə keçid gedir. Doğrudur, Prezidentin xüsusi nümayəndəliyi hələlik Ana Yasada təsbit olunmayıb, ancaq eyni sözü vitse-prezidentlik haqqında demək mümkün deyil.
Bu baxımdan paralel struktur - Əli Əsədov faktiki olaraq ikihakimiyyətlilik yaradır.

Azərbaycan xüsusilə 2020-ci il müharibəsində qələbəsindən sonra idarəetmənin çevikləşməsi, modernləşməsi prinsipini əsas götürüb - formallığın və paralel, bir-birini təkrarlayan və bir-birinə, eyni zamanda iqtisadi inkişafa mane olan, sahibkarlıq subyektlərinə problem yaradan qurumlardan yaxa qurtarmaq və struktur islahatlarının dərinləşməsi hazırda prioritet hesab edilir.

Struktur islahatının dərinləşməsini istəyiriksə, faktiki olaraq köhnə, nomenklatur, “paralel hökumət” fəaliyyətini davam etdirən NK-dan yaxa qurtarılmalıdır.

Bu baxımdan Əli Əsədovun Azərbaycanın sonuncu baş naziri kimi arxivləşəcəyi qaçılmazdır.

O ayrı məsələdir ki, Əli Əsədov arxivə verilməzdən öncə istisinə illərdir qızındığı “Manqal”larının NK-nın bacasından çıxan tüstüsünə cavab verməli olacaq...

Azər Məlikli,
Bakupost

Şərhlər
  • elnnurr

    hele o elinden selahiyeti alinsin gor neler cixacaq ortaya neceki o birleri kimi buda bele heleki tam girise bilmiler)))

  • Mouse Meanwhile

    Baş nazirdən başqa nazirlər yoxdur? Mərkəzi bank sədri yoxdur, iqdisadi inkişaf nazirliyi yoxdur? Məgər iqdisadiyyata təsir edən tək baş nazirdi? Köhnə qosplannan anlayışı olan naziri tənqid etməkdənsə, o bambılı Cabbarovu tənqid etmək lazımdı. Matışkə ticarət texnikumu səviyyəsində biliklərə maliklikdir. Elə bir leytenentı qoyublar ordu generalı vəzifəsinə. Əsl general təfəkkürlünü də qınayırlar.

  • Ülviyyə İsgəndərova

    Ümumiyyətlə korrupsiya məsələsi yenidən gündəmə gəlməlidir

  • Ülviyyə İsgəndərova

    ŞÜKÜR ALLAHA Kİ, gecə olsa Əli Əsədov vəzifədən gedir. Amma o qədər məlum olmayan pulu varki, heç vecinə olmayacaq. Və araşdırmalar davam etsin, başqa məmurlarda vəzifədən qovulsun

  • Nicat Qurbanov

    Öncəliklə hamıya Salam bir şeyi bilmek kifayət edir ki Ali Baş Komutan İlham Əliyev cənabları təkdir o dönə dönə israrla niye deyirki mən Xalqıma inanram ona güvenirem Xalqda mənə çünki bu əjdaha sifetli məmur nazir tayfası Milleti Hakimiyyətlə həmişə üzgöz qoymağa çalışıbdır oda her çıxışında deyirki şikayəti olan birbaş mənə mənim ünvanıma yazsun çünki bilirki bu ifritlerə yazılsa heç bir zaman ona gedib çatmıyacaqdır özü bir çıxışında söyləmişdir ki mən filan rayona sefere gedrem icra başçısından soruşuram ki rayonun ne problem var deyir heçnə mən biləm ki icra hakimiyyəti başçısı yalan deyir ola bilmez ki rayonda cüzi bele problem olmasun onçun biz əl bir olub ölkəmizi bu rüşvətxor yarıtmaz savadsız yekəqarın haramzadə məmur nazir tayfasının bizim başımıza görmüş olduğu bəlaları mütləqqqq Ali Baş Komutan İlham Əliyev cənabların özünə olmadı email poçtuna yollamalıyığ şahidiyik doğru ünvana müraciət olunan her bir şikayət araşdırılıb günahkar olanlar kimliyindən vəzifesinden asılı olmayaraq səhvi varsa ən sert şəkildə cəzası verilir Əlhəmdullah Uca Yaradan Odlar Yurdu Azərbaycanımızı və onu Lideri İlham Əliyev cənablarını qorusun Amin Rəsulullah Rəbbin Aləmin Amin

  • Nazim mamedov

    Əsas məsələ kadr siyasətinin důzgůn və důrůst qurulmasıdır ki,bu da ŏlkədə hələ yox səviyyəsindədir.belə olan halda əli getdi əvəzinə vəli gəldi situasiyanı dəiṣdirməyəcək

  • Rasim Comərd-ə

    Kadrların "milli ruhlu" olmasını göstərən indikator-testerin nədən ibarət olduğunu bilmək olarmı? Və həmin cihazı hansı zavod-fabrikdə hazırlayırlar? Məsələn Bizansa, sonrakı dövrlərdə isə Osmanlıya canla-başla qulluq edən erməni əsilli imperatorlar-paşalar hansı qəlibdən çıxmışdılar? Bəlkə "milliləri" axtarmaqdansa səriştəliləri tapmaq məsləhətdir? Hıyyy?

  • Rasim Comərd

    Cox hörmətli Azər Məlikli! Məqaləninizin tərtibindən və tərkibindən bəlli ki, erudisiyalı və təcrubəli bir Azərbaycan vətəndaşısınız. Başa düsüləcək qədər cürətli və eyhamlı formada idaerəetmə strukturumuzun son ikinci pilləsini və məsul zatını tənidinizdən dolayı Sizə minnətdaram. Azacıq düsüncəsi olan hər bir vətəndaş yaxşı bilir ki, müstəqil olmağımızdan günumüzədək məmləkətimizdə nələr baş verir. Və bu baş verənlər hamının gözü qabağında olanlardır. Nə yazıq ki, əsarətdə olduğumuz iki əsrlik zaman intervalında taleyimizə calanaraq malımızı və qanımızı sömürüb-sovuran anormal idarəetmə şəbəkəsindən və onu həyata kecirən antimilli düsüncəli məmurlar ordusundan can qurtaracağımız zaman hələ də əleyhimizə isləməkdədir. Və bu zamanın haçan uzumüzə gülən çağının isartıları belə cox sönük görsənir. Bunu deməyə əsas verən amillərdən biri və bəlkə də birincisi son illərdə həyata kecirilən məmur ordusunun gəncləşdirilmə prosesinin zəif göstəricilər təqdim etməsidir. Xilaskar ölkə bascımız, cənab İ.H.Əliyev dəfələrlə və israrla dilə gətirsə də, milli ruhlu kadrların hakimiyyətdə təmsilcilik faizi yetərincə olmadığından nailiyyətlərimiz könlumüzu və gözümüzü oxşamayacaq. YAŞASIN AZƏRBAYCAN!!

  • Həmid Həmidov

    Deyirsiniz ölkədə Birinci vitse-prezidentlik institutu yaradılıb və mükəmməl də fəaliyyət göstərir. Lütfən deyə bilərsinizmi, bu institut hansı sahələrdə "mükəmməl" fəaliyyət göstərir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar