Ru
20:22 / 01 Noyabr 2021

“Ermənilər bizə ən ağır işgəncələri verirdilər” - Əsir düşmüş qazimizlə MÜSAHİBƏ - FOTOLAR - VİDEO

20734
Vətən Müharibəsi qazisi, 73 gün erməni əsirliyində qalmış Nurəddin Yulçuyev Bakupost.az -a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

Yolçuyev Nurəddin Bəxtiyar oğlu 14 oktyabr 1998-ci ildə Yevlax rayonunun Marızlı kəndində anadan olub. 2016-2018-ci illərdə hərbi xidmətdə olub. Vətən Müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına qatılıb.


- Nurəddin, necə oldu ki, könüllü xidmətə yollanmaq qərarı verdin?

- General Polad Həşimov şəhid olduqdan sonra bütün dünya sanki gözümdə qaranlığa döndü. Düşmənə qarşı qisas hissi sanki 10 qat alovlandı. Dayım Həmidov Teymur Həzi oğlu da 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Dayımın və bütün şəhidlərin qisasını almaq üçün döyüşə getmək arzum olub. Elə həmin gün birbaşa yollandım rayon hərbi komissarlığına və adımı könüllü olaraq yazdırdım ki, əgər döyüşlər başlasa, ilk gedənlərdən biri də mən olum. Belə də oldu. Sentyabrın 21-də səfərbərlik elan edildikdən sonra ilk çağırışda mən də ailəmin rizasını, duasını alıb rayon səfərbərlik xidmətindən cəbhə bölgəsinə yollandım.

- Döyüşlərə hansı istiqamətdə başladınız?

- Sentyabrın 26-da həyəcan siqnalı verildi və bütün ordu döyüş halına hazır vəziyyətə gətirildi. Ayın 27-də səhər tezdən əmr gəldi ki, irəli - döyüşə. Mən Talış kəndi və Suqovuşan istiqamətində döyüşlərə başladım. Birinci istiqamət Tərtərin işğal altında olan Talış kəndi idi. Həmin vaxt ağır döyüşlərə girdik. Silah yoldaşlarım, hərbi heyət, komandirlər hamısı çox böyük ruh yüksəkliyində idilər. Döyüşlər gedən ərazilərin əksəriyyəti meşəlik, dağlıq, duman-çiskin bir qədər rahat irəliləməyə imkan vermirdi. Üşüyürdük, islanırdıq, amma heç vaxt bunu bildirmirdik. Soyuq, yağış... heç nə ordumuzun, əsgərlərimzin qarşısında dura bilməzdi. Çünki hamıda dəhşətli bir qisas hissi vardı. Beynimizə yeritmişdik ki, öldü var, döndü yoxdur. Təkcə bir faktı qeyd edim ki, ermənilərin üzərinə biz gedəndə onlar açıq döyüşdən qorxub geri qaçırdılar.

Düzdü, bizi məyus edən hallar da olurdu. Məsələn, bir saat əvvəl çiyin-çiyinə vuruşduğun silah yoldaşının, bir saat sonra şəhid olduğunu görmək bəlkə də yer üzündə ən ağır duyğudur. Biz bunları görəndə içimizdə düşmənə qəzəb, nifrət, qisas hissi o qədər böyüyürdü ki, o anda gözünə heç nə görünmürdü. Aclıq, susuzluq belə yada düşmürdü. Yalnız və yalnız qisas hissi ilə irəli gedirdik. Çox təəssüf ki, tez yaralandım və düşmən əsgərləri məni əsir götürdülər.

- Biz adətən filmlərdə görürük müharibəni, əsir həyatını. Necə oldu səni əsir götürdülər? Hansı istiqamətdə gedən döyüşlərdə əsir düşdün?

- Əsirliyə düşmək və qazi olmağı düşünməmişdim. Bu düşüncələr heç bir qorxu vermirdi. Çünki döyüşə gedəndə yalnız beynimdə döyüşmək və şəhid olmaq var idi. 2020-ci ilin oktyabrın 1-də Tərtərin Talış kəndi uğrunda gedən ağır döyüşlər zamanı sol qolumdan və sol ayağımının bud nahiyəsindən aldığım güllə zədəsi sümüyümü qırdı. Meşədə sürünə-sürünə həmin ərazidən bir qədər uzağa getsəm də, yolu tapa bilmədim. Daha sonra çoxlu qan itirdiyim üçün yaralı və huşsuz vəziyyətdə orada qaldım. Oktyabrın 2-si günü səhər hava işıqlanırdı və yenicə gözlərimi açmaq istəyirdim ki, erməni hərbçiləri məni gördü. Əl-qolumu, gözlərimi bağlayıb məni sürüyə-sürüyə apardılar.


- Harada saxlayırdılar sizi?

- 43 günün bir ayını türmə kamerasında, 13 gün isə xəstəxananın padvalında qalmışam. Ümumilikdə isə 73 gün düşmən əsirliyində qalmışam.


- Əsirlikdə olanda sizə necə davranırdılar?

- Mən torpağımı almaq üçün düşməni öldürməyə getmişəm, daha sonra əsir düşmüşəm. İndi onların mənə necə davranacağını siz təsəvvür edin. Əlim yatağa bağlı halda günlərlə ac-susuz qalırdım, hər gün döyüb ən ağır işgəncələri edirdilər. Hətta ayağımda gips vardı. Amma məni elə döydülər ki, ayağımdakı gipsi vurub qırdılar. Elə vaxt olurdu ki, üç gün yadlarına düşmürdüm. Nə su verirdilər, nə də yemək. Onların işgəncələrini sözlə ifadə etmək çox çətindir.

- Ən çox nədən ötrü darıxmışdız? Qurtulacağınıza ümidiniz var idi?

- Əsirlikdə olanda ən birinci Vətənimin havası-suyu, daha sonra ailəm və döyüş yoldaşlarım üçün hədsiz darıxırdım. Yuxumda tez-tez ailəmi görürdüm, ona görə də heç vaxt özümü öldürmək, ümidsizlik kimi fikrim olmayıb. İnanırdım ki, nə vaxtsa qayıdacam Vətənimə, ailəmin yanına.

- Əsirlikdə olanda ailənizə necə xəbər göndərdiniz və yaxud göndərmək olurdumu?

- Mən əsirlikdə olarkən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gəlmişdi. Onların vasitəsilə ailəmə məktub yazdım ki, əsirlikdəyəm. Düşünürdüm ki, yəqin, məktubu çatdırmazlar. Amma məktub ailəmizə çatmışdı.

- Bəs Azərbaycana gəlməyiniz necə oldu? Bu xəbəri necə aldınız?

- Azərbaycana gəlməyimizi bilmirdik. Məni son qaldığım yerdən gözübağlı çıxarıb hava limanında təyyarəyə yerləşdirdilər. Təyyarədə əsirlikdə olan digər yoldaşlarımın səsini eşitdim və çox sevindim. Amma hələ bilmirdim ki, bizi Vətənə qaytarırlar. Bizi gətirən təyyarə yerə enəndən sonra bizi həkimlərimiz qarşıladı və dedilər ki, artıq Vətəndəsiz. Mən müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə sonsuz təşəkkür edirəm ki, onun müdrik, uzaqgörən siyasəti nəticəsində biz Vətənimizə qayıtmışıq.

- Medalla təltif olunmusunuzmu?

- Bəli, ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü” və “Suqovşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Dövlətimiz bir qazi olaraq qayğımıza qalır,diqqətini əsirgəmir. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazi qardaşlarıma da can sağlığı arzulayıram!




Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
  • Yolçuyev Nureddin

    Paylaşımınız üçün minnetdaram

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər