ABŞ-ın Nyu-Cersi ştatından Demokrat Partiyasının sabiq senatoru, uzun illər Ermənistanın lobbi maraqlarını müdafiə edən və Azərbaycana qarşı çıxışları ilə tanınan Bob Menendezin həyat yoldaşı, erməni əsilli Nadin (Arslanyan) Menendez məhkəmə tərəfindən 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Nyu-York dairə məhkəməsi 58 yaşlı Nadin Menendezin ərinə qanunverici kimi səlahiyyətlərindən sui-istifadə etməsi üçün yardım etdiyini və bunun müqabilində nağd pul, qızıl külçələri və Mercedes-Benz avtomobili şəklində rüşvət qəbul etdiyini müəyyənləşdirib.
Manhattan federal münsiflər məhkəməsi bu ilin aprelində onu 15 maddə üzrə günahkar bilmişdi.
İttihama görə, Nadin Menendez ərinin – Senatın Xarici Əlaqələr Komitəsinin sədri olduğu dövrdə – korrupsiya şəbəkəsində həlledici rol oynayıb və ABŞ prokurorluğu bildirir ki, ailə illərlə müxtəlif iş adamlarından “xidmət müqabilində ödənişlər” alıb.
Xatırladaq ki, Bob Menendez uzun illər ABŞ Konqresində erməni diasporunun ən fəal müdafiəçilərindən biri kimi çıxış edib. O, 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasının əsas təşəbbüskarlarından biri olub, həmçinin Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınıb. Menendezin Azərbaycanla bağlı məsələlərdə daima birtərəfli davranması, Qarabağ işğalı dövründə erməni mövqeyini müdafiə etməsi indi onun ailəsini silkələyən korrupsiya qalmaqalının fonunda daha açıq görünür. Beləliklə, ermənipərəst senator Menendezin ailəsi indi ABŞ məhkəmə tarixinin ən böyük korrupsiya işlərindən birində simvola çevrilib. Bob Menendez 11 il, həyat yoldaşı Nadin isə 4,5 il həbs cəzası alaraq siyasi karyeralarının sonunu gətirdilər.