“Yerasxdan Naxçıvana və Axurikdən Türkiyə sərhədinə qədər olan dəmir yolu xətlərinin bərpası Ermənistanın dövlət vəsaiti hesabına həyata keçiriləcək”.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
Jurnalistin “Gümrü–Axurik–Türkiyə sərhədi” və “Yerasx–Naxçıvan sərhədi” dəmir yolu sahələrinin bərpasının dövlət öhdəliyinə götürülməsinin Rusiyanın imtinası mənasına gəlib-gəlmədiyi barədə sualına Paşinyan qısaca cavab verib:
“Xeyr, bu, o demək deyil. Tikinti işləri Ermənistan Respublikasının dövlət vəsaiti hesabına həyata keçiriləcək”.
Xatırladaq ki, cari ilin yanvarın 15-də Paşinyan İcevan, Yerasx və Axurik istiqamətindəki dəmir yolu xətlərinin təcili bərpası ilə bağlı Rusiyadan tez bir zamanda cavab gözlədiklərini bildirmişdi. Fevral ayında isə Ərazi idarəetmə və infrastrukturlar naziri Davit Xudatyan Moskva ilə danışıqların aparıldığını açıqlamışdı. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk avqustun 6-da Rusiyanın bu layihələrin bərpasında iştirak etməyə hazır olduğunu təsdiqləmişdi.
Qeyd edək ki, Ermənistan dəmir yolları 2008-ci ildən “Cənubi Qafqaz Dəmir Yolu” ASC-nin (Rusiya Dəmir Yollarının törəmə şirkəti) 30 illik güzəştli (konsessiya) idarəçiliyindədir. Baş nazir Paşinyan daha əvvəl bu idarəçiliyin Qazaxıstana ötürülməsi ideyasını irəli sürsə də, Rusiya Nəqliyyat Nazirliyi bu barədə danışıqlar aparılmadığını bildirmişdi.