Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları Qara dənizdə qaz yatağının yaxınlığında göyərtəsində partlayıcı maddə olan dəniz dronunu məhv edib.
"Bakupost" xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Mirutse sosial şəbəkə hesabında məlumat verib.
Nazirin sözlərinə görə, səhər saatlarında sahil mühafizə xidməti Konstansadan 80 mil məsafədə, Rumıniyanın müstəsna iqtisadi zonasında yerləşən “Neptun Deep” qaz yatağının perimetrində dəniz dronunun aşkar edilməsi barədə məlumat verib.
Bildirilib ki, pilotsuz aparat qaz hasilatı obyektindən bir neçə yüz metr məsafədə olub.
Radu Mirutse qeyd edib ki, dron aşkar edildikdən dərhal sonra işçilərin təhlükəsizliyini təmin etmək və kritik infrastrukturun qorunması məqsədilə iki “F-16” qırıcısı havaya qaldırılıb.