Dekabrın 23-dən etibarən Ermənistanın “Run Oil” yanacaqdoldurma şəbəkəsində Azərbaycan tərəfindən tədarük edilmiş benzin satılmağa başlanıb.
Bakupost.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yanacağın satışını yalnız iki şirkət həyata keçirib. Onlardan biri “Mega Trade”dir. Bu şirkət 11 vaqon (təxminən 600 ton) benzin alıb. Yanacağı alan digər şirkət haqqında məlumat verilmir.
“Mega Trade” şirkətinin direktoru Karen Ayriyan jurnalistlərə bildirib ki, benzinin 1 litri 430 dramdır (1,13 dollar – 1.92 manat) və bu qiymət ölkənin bütün regionları üçün eynidir. Bununla belə, cari qiymət əvvəlcədən elan olunmuş 440 dramdan (1,96 manat) aşağıdır.
Xatırladaq ki, ötən həftə SOCAR-ın istehsal etdiyi 22 vaqon benzin Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana göndərilmişdi. Bu, Azərbaycan benzininin rəsmi kanallar vasitəsilə Ermənistana ilk tədarüküdür və satış hazırda yalnız iki şirkətlə məhdudlaşır.
Cavid, BakuPost