Ru
11:40 / 08 Avqust 2025

Ermənistanda təşviş: Rusiya və İran sıxışdırılır, ölkə satılır

Ermənistanda təşviş:  Rusiya və İran sıxışdırılır, ölkə satılır
Eye

Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək. Bu tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanacağı, Zəngəzur dəhlizi və ATƏT-in Minsk qrupu ilə bağlı önəmli qərarların veriləcəyi gözlənilir.

Bakupost.az xəbər verir ki, üç liderin Vaşinqton görüşü İrəvanda ciddi narahatlıqla izlənilir. Ermənistanın siyasi qüvvələri bu görüşü Rusiya və İranın bölgədən sıxışdırılması yönündə ciddi addım kimi dəyərləndirir, Vaşinqtonda İrəvanın maraqları əleyhinə qərarların qəbul olunacağını bildirirlər.

Millətçi və rusiyayönlü Teleqram kanalları yazır ki, “sülh müqaviləsi” imzalamaq niyyəti ilə bağlı memorandum və ya çərçivə sənədi imzalanacaq:

"Çünki Azərbaycan Ermənistanın hüquqi şəkildə parçalanmasına, yəni mövcud Konstitusiyanın rədd edilməsinə zəmanət almayana qədər heç nə imzalamayacaq. Sızdırılan məlumatlara əsasən, hazırda müzakirə olunan və sülh müqaviləsi adlandırılan sənəd Ermənistan konstitusiyasının əksər bəndləri ilə ziddiyyət təşkil edir.

Sülh müqaviləsinin özü isə əslində mövcud deyil, ortada Ermənistanı Türkiyə-Azərbaycan tandemi və kollektiv Qərbin maraqlarına xidmət personalı səviyyəsinə endirən razılaşdırılmış sənəd var.

Onu da unutmaq olmaz ki, Türkiyə-Azərbaycan tandeminin əsas vəzifələri dəyişməyib. Onlar vəziyyəti o səviyyəyə çatdırmaq istəyirlər ki, Ermənistan nə fiziki, nə hüquqi, nə də siyasi cəhətdən mövcud ola bilməsin.

Xatırladırıq ki, məhz həmin Azərbaycan Ermənistan ərazisini yüz minlərlə azərbaycanlı ilə məskunlaşdırmaq planlarından əl çəkməyib. Ermənistan ərazisi Türkiyə-Azərbaycan tandemi tərəfindən “Qərbi Azərbaycan” elan edilib".

Erməni Teleqram kanalları yazır ki, bu gün Vaşinqtonda baş verənlərin sülhlə heç bir əlaqəsi yoxdur:

"ABŞ-nin yalnız iki vəzifəsi var. Rusiya və İranı regiondan sıxışdırıb çıxarmaq və dəhliz boyu enerji resurslarının, malların, hərbi yüklərin və qoşunların daşınması üçün yeni logistik marşrutlar formalaşdırmaq.

İnanın ki, bu halda amerikalıları yüklərin və hərbi logistikanın keçəcəyi ərazinin Ermənistan və ya “Qərbi Azərbaycan”ın adlanması maraqlandırmır. Bir şey dəqiqdir ki, indiki Ermənistan hakimiyyəti “Tramp dəhlizi”nin himayəsi altında Ermənistanın parçalanmasına razılığı “qələbə” kimi təqdim edəcək və seçkiqabağı dönəmdə bunu qızğın şəkildə təbliğ edəcək. Üstəlik, dərhal görəcəyik ki, dəhlizin amerikalılara verilməsinə razılaşmaqla onlar ABŞ-ın seçkilərdə dəstəyini təmin ediblər. Beləliklə, özünüz nəticə çıxarın".

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar