Hazırda dünyada süni intellekt sahəsində rəqabət gedir. Bəzi ölkələr bu sahədə qlobal, bəziləri isə regional birinciliyi qazanmağa çalışırlar. Bu rəqabətdə əsas suallardan biri ölkənin nə qədər hesablama gücü generasiya edə bilməsidir.
Ermənistanın “Firebird” şirkəti ilə imzaladığı 5 milyard dollarlıq müqaviləyə görə, Razdan (Dərəçiçək) yaxınlığında 250 meqavatlıq Sİ fabriki (data-mərkəzi) yaradılır. Bu o deməkdir ki, data-mərkəz 250 MVt elektrik enerjisini hesablama gücünə çevirəcək.
Gələcəkdə bu gücün 2 giqavata qədər artırılması gözlənilir.
Qazaxıstan da eyni layihəni daha böyük miqyasda Ekibastuz yaxınlığında həyata keçirərək “data-mərkəz vadisi” yaratmağa çalışır. Layihələrin nəticəsində ölkələrdən birinin Orta Asiyada, digərinin isə Cənubi Qafqazda süni intellekt mərkəzinə çevrilməsi gözlənilir.
“NVIDIA” şirkətinin rəhbəri Ceysen Huanq bildirib ki, Ermənistanla Qazaxıstanın süni intellekt üzrə regional mərkəzə çevrilmələri xarici texnoloji şirkətləri və startapları cəlb edən maqnit rolunu oynaya bilər.
Bəs Ermənistanın regionda ən güclü süni intellekt fabrikini qurması nə deməkdir və biz bundan narahat olmalıyıqmı?
İnformasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov
“Bakupost”a bildirib ki, “Firebird”in hazırkı rəsmi planı Ermənistan üzrə 300 MW-a qədər AI infrastrukturu və 70 mindən çox “NVIDIA Blackwell” “Rubin GPU” yerləşdirməkdir. Əvvəlki mərhələlərdə Hrazdanda 100 MW və təxminən 500 milyon dollarlıq ilkin layihə açıqlanmışdı. Daha geniş “Firebird” planlarında Ermənistan və digər bazarlarda giqavat miqyasında genişlənmə nəzərdə tutulur.
Onun sözlərinə görə, bu, üç əsas üstünlük yarada bilər:
“Birincisi, ölkəyə böyük həcmli “GPU compute” gətirə bilər və yerli şirkətlərin, universitetlərin və startapların böyük modelləri train və fine-tune etməsini asanlaşdırır. İkincisi, “NVIDIA”,”Dell” və digər ABŞ texnologiya sistemi ilə birbaşa əlaqə deməkdir. Bu çox önəmlidir.
Üçüncüsü, bu tip layihə özü ilə mühəndisləri, cloud provayderləri, şirkətləri çəkə bilir”.
O qeyd edib ki, data-mərkəz təkcə servis binası deyil, bu çox strateji məsələdir.
Ekspertin sözlərinə görə, yaxın gələcəkdə regionda hesablama gücünün harada olduğu sualının birmənalı cavabı Ermənistan ola bilər. Çünki kimsə nəsə qurmaq istəyəndə hazır infrastrukturu olan yerə üstünlük verəcək:
“Bu da çox normaldır. Məsələn, biri var bir şəhərdə gedəsən, hər şeyi sıfırdan qurasan, bir də var ki, orada universitet var, dərs keçəsən”.
Onun sözlərinə görə, pul, kapital və startaplar da bu istiqamətə yönələ bilər:
“Hazırda məsələn, Türkiyəyə gedirlər, amma yaxın vaxtlarda birmənalı Ermənistana yönələ bilərlər. Bu söhbət sabah və ya 3 ayla bağlı deyil, uzun müddətli bir məsələdir”.
Vüsalə Hüseynova,
BakuPost