Türkiyənin tanınmış musiqi prodüseri Erol Kösə İstanbulda faciəvi şəkildə həyatını itirib.
Bakupost.az xəbər verir ki. Türkiyə mediasının yaydığı məlumata görə, hadisə İstanbulun Sarıyer rayonunun Maslak ərazisində yerləşən yaşayış kompleksində baş verib. Bildirilir ki, prodüser yaşadığı binanın 16-cı mərtəbəsindən düşərək hadisə yerində həyatını itirib.
Hadisə barədə daxil olan məlumatdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində araşdırmaların aparıldığı bildirilir.
İlkin məlumatlarda hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də, rəsmi qurumlar tərəfindən səbəblərlə bağlı yekun açıqlama verilməyib. Araşdırmalar davam edir.
Erol Kösə 1965-ci ildə Türkiyənin Elazığ şəhərində anadan olub. O, musiqi karyerasına “Komediya rəqs üçlüsü” qrupunun üzvü kimi başlayıb, daha sonra prodüser kimi fəaliyyət göstərərək Türkiyənin tanınmış musiqi xadimlərindən birinə çevrilib.
Cavid, BakuPost