Hörmüz boğazında cərəyan edən proseslər, eyni zamanda, son günlər Rusiya-Ukrayna müharibəsi fonunda Qara dənizdə ticarət gəmilərinin hədəfə alınması tendensiyasının artması dünyada ərzaq və buğda qıtlığının yaranmasına gətirib çıxara bilər. Hansı ki, Qara dəniz buğdanın daşındığı əsas zonalardan biridir. Yaranmış vəziyyət isə istər-istəməz ərzaq məhsulları və buğdanın qiymətinin artmasına rəvac verə bilər.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov
Bakupost.az-a bildirib ki, artıq bu kimi proseslər ərzaq və buğdanın qiymətinə təsir edir:
“Birjalarda buğdanın qiyməti artır və bu proses davam edəcək. Şimal yarımkürəsində biçinin qızğın vaxtında buğdanın qiymətində artımın olması çox ciddi məsələdir. Bu il quraqlıqla bağlı olaraq Amerika və Avstraliyada buğda istehsalında azalma gözlənilir. Digər tərəfdən, Qara dənizdə müharibə fonunda ticarət gəmilərinə zərbələrin endirilməsi də qiymətlərin artmasına rəvac verən prosesdir”.
Ekspert hesab edir ki, Azərbaycan qlobal çağırışlar fonunda kənd təsərrüfatına, xüsusilə də buğda istehsalına diqqəti artırmalıdır:
“Azərbaycan ərzaq buğdasına olan tələbatın cəmi 29 faizini daxili imkanlar hesabına təmin edir. Tələbatı ödəmək üçün hər il 1,3 milyon ton ərzaq buğdası idxal edirik. Bunu da əsasən Rusiya və Qazaxıstandan alırıq. Rusiyada isə cari ildə buğda istehsalı 4,3 faiz, Qazaxıstanda isə 22 faizə qədər azalacaq. Azərbaycana gəldikdə, bu il kombayn çatışmazlığı səbəbindən daxili istehsal da azalır”.
Rüfət Sultan,
BakuPost