Bakıda
qonaq olan məşhur hind aktyoru Avinash Sachdev-lə Fairmont oteldə media mənsubları
ilə görüş keçirilib.
BakiPost.az Yenicag.Az-a istinadən xəbər
verir ki, aktyor ilk öncə onu Azərbaycana dəvət etdiyinə görə Azərbaycan-Türkiyə
evinin sədri Tənzilə Rüstəmxanlıya təşəkkürünü bildirib.
O, bütün media işçilərini
Ramazan bayramı münasibətilə təbrik edib. Azərbaycanla bağlı təəssüratını bölüşən
aktyor səfərindən qürur hissi keçirtdiyini dilə gətirib: "Bilirdim ki, Azərbaycan çox
maraqlı ölkədir və xoşuma gələcək. Həqiqətən də Azərbaycan təsəvvürümdəki
kimidir. Burda olduğum müddətdə mən Bakıya vuruldum.”

Aktyor çəkildiyi
filmlərdəki obrazlarından da danışıb: "Mən oynadığım rolları ruhən
yaşayıram, əgər hər hansı bir qəhrəmanın uğuruna inanıramsa, mütləq o uğura da
nail oluram.”
Hindistanın
məşhur aktyoru jurnalistlərin suallarına cavab verərkən şəxsi xüsusiyyətlərindən
də söz açıb: "Mən tənbələm, amma işimi sevirəm.
Çox istərdim ki, Azərbaycanda da bir filmə çəkilim. Amma bunun üçün mütləq
sizin dili öyrənməliyəm.”
Avinash
Sachdev yaradıcılıq yeniliklərindən də danışıb: "Avqustda yeni bir veriliş
hazırlayacam. Ümid edirəm ki, pərəstişkarlarımı sevindirə biləcəm.”
Sonda aktyor
ürək sözlərini bildirib: Deyilənə görə, mən Rac Kapurdan
sonra Azərbaycanda olan ikinci hind aktyoruyam. Bu, mənim üçün bir şərəfdir.
Özümü Azərbaycan-Hindistan dostluğunun zirvəsində hesab edirəm. Bakıda olduğum
üçün xoşbəxtəm.”
Tədbirin
sonunda xatirə şəkilləri çəkilib. Qeyd edək ki, aktyorun pərəstişkarları ilə
imza mərasimi sabah – 28 iyun saat 18.00-da Nizami Kino Mərkəzində keçiriləcək.
Giriş pulsuzdur!
Bakı Post