Məlumunuz olduğu kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidməti “Ramiz Mehdiyev işi” ilə bağlı geniş açıqlama və videogörüntülər yayıb və bəzi mühüm məsələlərə aydınlıq gətirib. Bu görüntülərdə etirafları ilə əks olunanlardan biri də AXC üzvü Fuad Qəhrəmanlıdır.
Fuad Qəhrəmanlı iki vəziyyətdə diqqət çəkib:
1. 2020-ci il iyun hadisələri barədə DTX-də ifadə verərkən;
2. Pul qəbul edərkən...
Fuad Qəhrəmanlı dərhal, anında, heç düşünmədən bu məsələlərlə bağlı açıqlama yayıb, öz sosial şəbəkə hesabında paylaşım edib.
Fuad Qəhrəmanlı DTX-nin yaydığı görüntülər barədə paylaşımına “Aydınlaşdırma” adını verib. Çox təəssüf ki, tələsdiyindən, xeyli açıq suallar buraxıb. Siyasətçidir, gərək düşünəydi...
F.Qəhrəmanlı yazır (sitatda üslub və texniki xətaları düzəldirik): “DTX tərəfindən yayılan videoda mənimlə bağlı da kadr var. Xatırladım ki, 2019-cu ildə həbs olunarkən ağır işgəncələrə məruz qalmışdım və hətta ölüm xəbərim də yayılmışdı. Məni suda boğaraq, cinsiyyət orqanımı sıxaraq və bir neçə nəfərin iştirakı ilə elə ağır isgəncə verdilər ki, huşumu itirməli oldum. Huşum özümə gələndə gördüm ki, döşəmə silmək üçün istifadə edilən vedrədəki suyu üstümə töküb təpikləyə-təpikləyə ayıldırlar”.
1. Söhbət 2020-ci ilin 14 iyun mitinqindən gedir, Fuad Qəhrəmanlı “2019-cu il həbsi” deyərkən, çox tələsib.
2. “Döşəmə silmək üçün istifadə edilən vedrə” dedikdə, konkret nə nəzərdə tutur? Yəni çirkli su, yoxsa vedrənin növləri?
Burda suyun təmiz-çirkli olması müzakirə edilə bilər, vedrənin növü yox.
Davam edir: “Bu vaxt iri cüssəli biri mənə yaxınlaşıb həkim olduğunu bildirdi və mənə nə olduğunu bilmədiyim iki iynə vurdu. Ondan sonra olanları dəqiq xatırlamıram, bir o yadıma gəlir ki, qarşıma iri hərflərlə yazılı kağız tutub onları oxumağımı istədilər, əks təqdirdə qapının yanında durmuş və cinsiyyət orqanını çıxarıb göstərən iki idmançı cüssəli səxs tərəfindən zorlanacağımı bildirdilər. Sonra iri kağızda yazılan mətni bir nəfər kənarda tutub oxumağımı istədi. Mən də zorlanma təhdidi altında və vurulan iynələrin təsiri ilə o zaman məzmununu anlamadığım və məzmununu sonradan xatırlamadıgım mətni oxudum”.
1. İynə vurulub, heç nə xatırlamır, ancaq yadına gəlir ki, iki idmançı cüssəli şəxs “cinsiyyət orqanını çıxarıb göstərir”, zorlayacaqlarını deyirlər, üstəlik, iri hərflərlə mətn yazılıb, bir nəfər kənarda bu mətni tutub.
Yəni bütün təfsilat xatırlanır, yalnız lənətə gəlmiş o mətndən başqa. Adam mətnə baxan kimi iynənin təsiri özünü göstərir, yaddaş gedir, amma gözünü mətndən çəkən kimi “hopp”, hazır, yaddaş qayıtdı...
Bir də: Zorlanacağını deyirlərsə, bundan ötrü niyə qapının qabağında durub, onu da göstərirlər?
2. Bir az konkretləşdirək: iynənin təsiri ilə o mətni oxuyur, yoxsa zorlanma təhdidi altında?
Əgər zorlanma təhdidi ilə olubsa, onda o iynə yəqin ağrıkəsici imiş - əks halda “iynə” onsuz da öz işini görəcəkdi, daha niyə zorlama təhdidi də olsun?
3. Zorlama təhdidi və iynənin təsiri altında “sonradan məzmununu xatırlamadığı” mətni oxumaq elə olmur axı!
Videoya diqqətlə baxın, Fuad bəy: siz gözünüzü bir nöqtəyə (kamera arxasındakı mətnə) tutub, höccələyə-höccələyə və yaxud “məzmundan xəbərsiz mətn” oxuyan təsiri bağışlamırsınız; nəzərlərinizi “mətndən” yayındıraraq, vaxtaşırı müstəntiqə çevrilərək, sürətlə və bədahətən ifadə verirsiniz! Siz sidq ürəklə istintaqla əməkdaşlıq edirsiniz və bu zaman sizin siyasətçi kimi peşəkar nitq qabiliyyətiniz çox aydın görünür. Çünki iynə vurulan şəxs o cür danışmaz, mətn oxuyan şəxs də o cür dolğun, çevik olmaz.
Baxın, öz videonuza bir daha göz atın:
Şeyx Teymur