Ru
18:51 / 15 Sentyabr 2025

Gələcəyə sərmayə qoymaq istəyənlərin diqqətinə: Qızıl zinət əşyası ilə yatırım nə dərəcədə etibarlıdır? - İQTİSADÇI

Gələcəyə sərmayə qoymaq istəyənlərin diqqətinə: Qızıl zinət əşyası ilə yatırım nə dərəcədə etibarlıdır? - İQTİSADÇI
Eye

Əlində 5-10 mini olanda çoxları bunu investisiya etmək istəyir. "Ən yaxşı” variant isə qızıl zinət əşyası almaqda görürlər. Düzdür, qızılın qiyməti günü-gündən bahalaşır, lakin alqı-satqı qiymətinin fərqliliyi bir az müəmma doğurur.

Bəs görəsən, sözügedən aralıqlıqda vəsaiti olan şəxslər üçün ən yaxşı yatırım forması nədir?

Bakupost.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında pulu qızıl zinət əşyasına sərmayə qoymağın itkidən ibarət olduğunu bildirib.

“İnvestisiya üçün 5-10 min manat o qədər də böyük məbləğ deyil. Amma bütün hallarda burada sərmaye qoymaq istəyən şəxsin düşüncə tərzi əsas rol oynayır. O hansı riskə getməyi düşünür? Yüksək, orta ya aşağı?

Bir çox ailələr də düşünür ki, əllərində pul olduqda onu qızıl zinət əşyasına çevirmək “gələcəyə sərmayədir”. Amma bu böyük bir yanılmadır. Çünki zinət qızılının qiyməti bir başqadır, alış qiyməti isə tamamilə başqa. Məsələn, qızılın bazar qiyməti 1 qram üçün “x” manatdırsa, 3 qramlıq bir sırğa 3x-ə yox, 8x–10x-ə alınır. Çünki burada ustanın əməyi, dizaynı, mağazanın marjası və digər faktorlar var. Sonradan satmaq istədikdə isə yalnız qızılın qram dəyəri üzrə pul, yəni 3x manat təklif olunur. Bu halda “sərmayə qoymuş” yox, “itki etmiş”olunur.

Qızılı “yaman günün yarağı” kimi dəyərləndirmək o halda olar ki, ona yalnız xalis formada sərmayə edilsin. “Mən özümə sırğa aldım, gələcəyə pul yatırdım” düşüncəsi isə sadəcə illüziyadır, ya da bəzənmək üçün bəhanə.

Fikrimcə, 40 yaşdan aşağı insan üçün ən yaxşı bilik və bacarıqlarının inkişafına yönəlmiş investisiyadır. Özünə yatırım etmək istəməyən insan üçün riskin aşağı olduğu, pulun “batma ehtimalının” demək olar ki, olmadığı istiqamət depozitdir. Amma burada da infilyasiya göstəriciləri rol oyanır. Həmin proses müəyyən qədər depozit faizlərini yeyir və kiçik bir hissə qalır. Bundan əlavə onlayn platformalar üzərindən müəyyən investisiya fondlarının hissələrini almaq yaxud qida, xidmət, onlayn satışlarla bağlı sektorlarda kiçik biznes təşəbbüsləri göstərmək olar”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar