“Yaxın həftələrdə Venesuela məsələsi ya hərbi, ya da diplomatik yolla həll olunacaq. ABŞ şirkətləri zatən Venesuelada var – “Chevron” bu ölkədə ən böyük neft aktivlərinə malik ABŞ şirkətidir”.
Bakupost.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, ABŞ qısa müddətə Venesuela məsələsini i həll edəcək, dünyada ən böyük neft ehtiyatları olan ölkəyə nəzarəti tam ələ keçirəcək:
“Sanksiyalara və ABŞ-la pis münasibətlərə görə Venesuela indi gündəlik cəmi 1 mln. barelə yaxın neft hasil edir, amma, çox qısa zamanda hasilatı 2,5-3 mln. barelə, investisiya və texnologiyalar ölkəyə gəlsə, orta müddətə (3-5 ilə) gündəlik 5 mln. barelə çatdıra bilər.
Venesula nefti “ağır” növə aiddir, qiyməti ucuzdur, amma, ABŞ-da uzun illərdir ki, məhz bu neftlə işləyə bilən onlarla zavod tikilib, indi həmin zavodlar Kanada neftini emal edir, amma Venesueladan da neft almağa hazırdırlar.
Beləliklə, ABŞ Venesula neftinə tam nəzarəti ələ keçirdikdən sonra neftin qiyməti gələn il kəskin ucuzlaşacaq, qiymət koridorunun 50-55 dollar arasında olması ehtimalı çox yüksəkdir.
Gələn il ABŞ-da ara seçkilərdir, orta statistik ABŞ seçicisi səsvermə zamanı əsas götürdüyü məsələlərdən biri benzin qiymətləridir – ucuzdursa, həmin dövrdə hakimiyyətdə olan partiyaya səs verir, həm də ona görə ki, benzin ucuz olanda inflyasiya da xeyli zəifləyir.
Bundan başqa ucuz neft Rusiya üçün problem, Çin üçün isə üstünlükdür. ABŞ-nin yenilənmiş və 2 həftə öncə elan edilmiş “Monro” doktrinasına nə Çin, nə Rusiya mane ola bilməyəcəklərini anlayırlar. ABŞ-nin Venesuela məsələsini güclə həll etməsi Rusiyanın iqtisadi olmasa da, siyasi olaraq işinə yarayır – Ukrayna məsələsində ABŞ-dən güzəştlər almağı düşünür. Çinin isə həm iqtisadi, həm də siyasi olaraq işinə yarayır – ucuz neft Çinin iqtisadi üstünlüyünü artırır, güc tədbiqi Tayvan məsələsində Çinin əl-qolunu açır.
Deyəcəksiz, bunlardan bizə nə? Cavab verim. Neftin gələn il ortalama qiymətinin 50 dollar olması Azərbaycan üçün ciddi problemlər yaradacaq, bizdə zatən hasilat düşür, OPEC-in hasilat normasını belə doldura bilmirik, qiymətin də enməsi ölkənin, onsuz da aşağı olan makroiqtisadi göstəricilərini daha da pisləşdirəcək.
Hökumət azalan gəlirləri vətəndaşa yükləməyə çalışır, yanlış yoldur, bu iqtisadi aktivliyi daha da azaldacaq, makro səviyyədə iqtisadi tənəzzülün qapısını açacaq...”.
Lalə,
BakuPost