Ru
14:47 / 29 Sentyabr 2026

Gəlin deputatlarımızı tanıyaq və ya Səyyad, (h)Aran ağrıyır? - VİDEO

Gəlin deputatlarımızı tanıyaq və ya Səyyad, (h)Aran ağrıyır? - VİDEO
Eye

Bu həftə deputatlarımızın maraqlı və yaddaqalan çıxışları, qalmaqalları ilə bol keçdi. Elə bil kimsə, “ortaya bol deputat qalmaqallı, problemli qarışım” sifariş eləmişdi. Xalq olaraq bu “sifariş”dən xeyli bəhrələndik, danışdıq, müzakirə etdik. Sosial şəbəkələrdə, saytlarda deputatlarımızın dedikləri tirajlandı. Nəticədə...

Nəticədə xalq olaraq bir neçə deputatımızı daha tanımış olduq. Bəli, sözün bütün mənalarında tanımış olduq. Axı biz əsasən öz deputatlarımızı qalmaqallı çıxışlardan, etdikləri qeyri-adi hərəkətlərdən sonra tanıyırıq. Bilirik ki, bizim parlamentdə məhz bu adda da deputatımız var imiş Var imiş yox e, elə var. Oturub orda, iclaslarda iştirak edir, səs verir, yəni düymə basır, ayın axırında da filan qədər maaş alır. Kişinin maaşını soruşmazlar və başqasının pulunu saymaq ayıbdır deyə, mən indi o maaşın qədərindən, güzəştlərdən, dövlət hesabına edilən səfərlərdən danışmayacağam. Başda da dedim axı, mövzumuz bu həftəki “deputat qalmaqallarıdı.”

Həftə başlayar-başlamaz milli Məclisin deputatı, daha doğrusu üst-üstə üçüncü çağrış, yəni 10 ildən çox deputatlıq edən, əvvəlki müsahibələrindən birində “cəmi 5000 manat maaş alıram, necə qənaət edim, maşın alım?” sualı ilə xalqın ürəyini ağrıdan Səyyad Aran əməllicə əsəbiləşdi. Parlamentdə yox a, hələ ki, bizim sevimli deputatlar yay tətilindən tam qayıdıb, payız sessiyasına başlamayıblar. Hələ istirahət qismən davam eliyir. Amma komitələr hazırlıq iclaslarına başlayıblar və hörmətli Səyyad müəllimin də əsasən Səhiyyə Nazirliyini hədəf alan çıxışı məhz Milli Məclisin İnsan Hüquqları komitəsinin payız sessiyasındakı ilk iclasında oldu. Regionlara gedəndə xalqın haqlı iradları ilə rastlaşdığını bildirən, camaatın suallarından təngə gələn hörmətli millət vəkili dedi ki, deputatların səlahiyyətləri artırılmalıdır. Sitat: “ Sənin hünərin çatır, ay nazir, nazirlər, camaatın içinə çıxmağa?! Get, sən özün camaatın içinə çıx. Xalqın əli çatan deputatdır. Bizim də səlahiyyətimiz yoxdur... Niyə camaatın içinə bizi göndərirsiniz?”

Kişi düz deyir də, deputat hara, xalqın içi hara? Xalqnan deputatın nə bağlılığı? Niyə ağsaqqal yaşında bu kişini el içinə çıxarıb, narahat edirsiz ki? Sonrasında “nazirlər” söhbətini bir az da konkretləşdirən Səyyad müəllim: “Tutaq ki, səhiyyə ilə bağlı qurumun rəhbəri rayonda qəbul keçirməyə gedir.Nazir rayona qəbula gedəndə qabaqcadan yerli icra hakimiyyətinə, xəstəxanaya siyahı verilir. Kimlər ki, incikdir, şikayətçidir, onları siyahıya salmırlar. Nazir də gedir, rahat təmiz adamlardan, incikliyi olmayanlardan soruşur, qəbul edir, sonra da hesabat verir ki, qəbul keçirdim. Bu cür qəbul olar?" deyə etirazını bildirdi.

Gör nələr edirmişlər e. Heç ağlınıza gələrdi? Zarafat bir yana, çıxışda deyilənləri son zamanların ən doğru-düzgün sözləri saymaq olardı. Olardı, di gəl ki, olmur. Niyə?

İllər əvvəl yenə də bir neçə çağırışlıq deputat, hətta müxalifət sayılan partiya rəhbərlərindən biri parlamentdə o vaxtkı ARDNŞ sədr Rövnəq Abdullayevi və onun rəhbərlik etdiyi qurumu xeyli tənqid elədi, əməllicə “atəşə tutdu” Görənlər deyirdi ki, Rövnəq müəllim bu deputatın tənqidlərinin əlindən üzvü olduğu parlamentin iclasına belə qatılmaq istəmirmiş. Nə vaxt Rövnəq Abdullayevi iclasda gördü, bizim bu millət vəkili çıxışa yazılıb, müzakitə olunan məsələni kənara qoyub, ARDNŞ-in və onun rəhbərinin fəaliyyətini tənqid edirdi. Camaatında da ürəyindən tikan çıxırdı, axır ki, xalqın dilindən danışan, həqiqəti deyən bir deputatımız oldu. Sonra bir gün bir çay süfrəsində köhnə və məlumatlı dostlardan biri bu tənqidlərin haradan qaynaqlandığını danışdı mənə. Sən demə bir nəfərə ARDNŞ-ə bağlı bir idarənin külli miqdarda borcu varmış. Podratçı kimi iş görülüb, ama ödəniş aylardır ki, verilmirmiş. Adam ortaq tanışlar vasitəsi ilə depuatata çıxıb və pulun alınacağı təqdirdə də yüklü bir məbləğ söz verib. Sonra bizim deputat öz həmkarı Rövnəq müəllimdən ödənişlə bağlı xahiş edib və xahişi yerinə yetirilməyib. Vəssalam, bu qədər. Bütün bu “xalqı niyə incidirsiniz” motivli tənqidlərin arxasında məhz bu “yorğan davası” dayanırmış.

İndi mən həmin o məlumatlı tanışı axtarıram. Soruşum görüm, səhiyyə naziri Səyyad müəllimin hansı xahişini yerinə yetirməyib ki, kişi belə əsəbləşib. Bəlkə də, ağsaqqalın nəsə nasazlığı olub, xəstəxanalarda üzünə yaxşı baxıb, “Səyyad (h)Aran ağırıyır” deyə soruşan olmayıb deyə əsəbləşib hörmətli deputat.

Bu cür düşünmək üçün başqa səbəbimiz də var. Məhz həmin komitə iclasında bizim deputatlar ilk dəfə idi ki, Bakının tıxac problemindən, camaatın işdən-evə, evdən işə gedib çata bilməməsindən xeyli şikayətləndilər. Səbəb isə çox sadə idi, həmin günü deputat yoldaşlarından biri tıxacda qalıb iclasa gecikmişdi.

O cümlədən, gənc və istedadlı deputatlarımızdan biri Naqif müəllim Həmzəyevin də elə həmin iclasda İcbari Tibbi Sığorta ilə bağlı dediklərinin, onun ya özünün ya da konkret hansısa yaxın adamının ən yaxın zamanda sığorta ilə bağlı nəsə bir problem yaşadığına görə olduğuna and içə bilərəm, amma sübut edəmmərəm. Niyəsini də elə Naqif müəllimin özündən misal çəkməklə izah edim.

Deputat çıxışında bildirdi ki: “İcbari tibbi sığorta ilə bağlı regionlarda bir sıra problemlərlə qarşılaşırıq. Gəncə şəhərində bəzi cərrahiyyə əməliyyatlarının dövlət xəstəxanalarında həyata keçirilməsi mümkün deyil. Bu halda adamlar məcburən Bakıdakı xəstəxanalara göndərilir.” Bax bu hal, bir sıra xəstəliklər üçün elə İTS yarandığı gündən, bütün xəstəliklər üçün də ən azı aprel ayından belədir. Adamlar bölgələrdəki, lap elə tanıdıqları güvəndikləri həkimlərin işlədikləri özəl klinikalarda xidmətin olduğu və bu klinikanın İcbari Tibbi Sığorta ilə müqaviləsi olduğu halda yalnız və yalnız aylarla növbə gözləməli olduqları dövlət xəstəxanalarına yönləndirilir. Bu səbəbdən minlərlər insan dövlətimizin milyonlarla pul ayırdığı, son illərin ən böyük sosial layihələrdən biri olan tibbi sığortadan istifadə edə bilmir, məcbur qalıb ödənişlə özəl klinikaya üz tutur. Amma hörmətli deputatımız bunu hələ indi “görür”. Bu halda yuxarıda dediyim variantdan başqa nə gəlir ağlınıza?

Amma gəlin məsələyə yaxşı tərəfindən baxaq. Bu həftə əziz xalqımız səhiyyə nazirindən narazı Səyyad Aranı, tıxacda qalan deputatımız Arzuxan Əlizadəni, Bakıda tıxac olduğunu və bu tıxacı rayonlardan gələnlərin yaratdığını rəsmən dilə gətirən Zahid Orucu ( STM ləğv edildikdən sonra xeyli adam Zahid müəllimin işsiz qaldığını düşünüb narahat olurdu), tibbi sığortanın xalqı incitdiyini deyən Naqif Həmzəyevi tanıdı, belə deputatlarımız olduğunu xeyli adam yeni bildi, qalanlar da xatırladı.

Həftənin sonuna yaxın isə, xalq daha bir deputatını hörmətli Fəzail İbrahimlini çox maraqlı qalmaqalla tanımış oldu. İddia olunurdu ki, aldığı qarpızın içi ağ çıxdığı üçün qarpızsatanı hörmətli deputat polisə verib və meyvə-tərəvəz satıb ailəsini dolandıran vətəndaşın “deputatı tanımır deyə” balaca budkasını bağlatdırıb, yəni konkret bir ailəni çörəksiz qoyub. Sonradan isə hörmətli deputatımız özü məsələyə aydınlıq gətirərək bunun belə olmadığını dedi və çox maraqlı açıqlama ilə qeyd etdi ki, əslində məsələ başqa cür olub. İndi biz arada qaldıq, dəqiq bilmədik ki, deputatın dedikləri, yoxsa qarpızsatanın dedikləri doğrudur. Şəxsən mən inanmıram ki, yaşının bu vaxtında, saçının, saqqalının ağlığında kimsəni günahlandırmağın doğru olmadığını bilən bir adam qarpızsatanı qarpızın ağ çıxdığına görə günahlandırsın. Amma bütün hallarda ağsaqqal deputatımız məhz qalmaqalla xatirimizdə qaldı. Bax belə. Əgər deputatlardan hər hansı biri “ürəyimzidən tikan çıxaran, bütün xalqın dərdinə aid olan bir söz deyirsə belə, biz yenə də nəsə axtarırıq.

Görəsən bütün bunlar niyə belə oldu?

Çingiz Özgür


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar