Avropa İttifaqının qəbul etdiyi yeni qaydalara görə, Ekodizayn Qaydalarına (ESPR) əsasən, satılmayan geyim və ayaqqabılar artıq məhv edilməyəcək.
Belə məhsullar təkrar istifadə, xeyriyyə məqsədləri və ya təkrar emal üçün yönləndirilməlidir.
Qeyd edək ki, hər il Avropada yüz minlərlə ton istifadə olunmamış tekstil tullantı poliqonlarına göndərilir. Məsələn, təkcə Almaniyada 2021-ci ildə geri qaytarılmış təxminən 17 milyon geyim və digər məhsul məhv edilib.
Aİ istehsalçıları bu addımla daha uzunömürlü, təmirə və təkrar istifadəyə yararlı məhsullar istehsal etməyə təşviq etməklə resurs israfını azaltmağı hədəfləyir.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli
Bakupost.az-a bildirib ki, Avropa İttifaqının satılmayan geyim və ayaqqabıların məhv edilməsini qadağan etməsi ilk növbədə istehsalçı və pərakəndə satış şirkətlərinin biznes modelinə təsir edəcək:
“İndiyədək bəzi şirkətlər mövsüm sonunda satılmayan məhsulları saxlamaq və ya yenidən satışa çıxarmaq əvəzinə məhv etməyi daha sərfəli hesab edirdilər. Yeni qaydalar isə onları bu məhsulları təkrar satışa yönəltməyə, endirim kampaniyaları keçirməyə, xeyriyyə təşkilatlarına verməyə və ya təkrar emala göndərməyə məcbur edəcək”.
Ekspertin sözlərinə görə, qısa müddətli dövrdə qərar bəzi istehsalçılar üçün əlavə xərclər yarada bilər:
“Satılmayan məhsulların çeşidlənməsi, saxlanması, daşınması və təkrar emalı əlavə logistika və idarəetmə xərcləri tələb edir. Şirkətlər belə olan halda həmin xərclərin bir hissəsini məhsulların satış qiymətlərinə əlavə edə bilərlər. Buna görə də bəzi markalarda qiymət artımı ehtimalı tam istisna edilmir”.
Bununla yanaşı, müsahibimiz hesab edir ki, uzunmüddətli perspektivdə bu qayda əks təsir göstərə də bilər:
“Şirkətlər satılmayan malların yığılmasının qarşısını almaq üçün istehsalı daha dəqiq planlaşdırmağa çalışacaq, bazarın tələbinə uyğun həcmdə məhsul istehsal edəcəklər. Bu isə artıq ehtiyatların azalmasına və resurslardan daha səmərəli istifadəyə şərait yaradacaq. Eyni zamanda, mövsüm sonu endirimlərinin və outlet satışlarının artması istehlakçılar üçün daha münasib qiymətlərlə alış imkanları yarada bilər”.
İqtisadçının fikrincə, yeni qaydalar sürətli moda (fast fashion) modelinə də təsir göstərə bilər:
“Çox böyük həcmdə və qısa müddət üçün məhsul istehsal edən şirkətlər artıq satılmayan malları asanlıqla məhv edə bilməyəcəklər. Nəticədə onlar daha keyfiyyətli, uzunömürlü və bazar tələbinə uyğun məhsullar hazırlamağa üstünlük verə bilərlər. Bu isə bəzi məhsulların ilkin satış qiymətini yüksəltsə də, onların istifadə müddətinin uzanması istehlakçı üçün ümumi xərci azaldacaq”.
A.Nəsirli qeyd edir ki, qərarın Azərbaycan bazarına məhdud təsiri olacaq:
“Avropa istehsalı olan brend məhsulların idxal qiymətlərində müəyyən dəyişikliklər mümkündür. Digər tərəfdən, Avropada satılmayan məhsulların məhv edilmək əvəzinə endirimli satışa çıxarılması və ya outlet kanallarına yönəldilməsi Azərbaycan kimi bazarlarda daha sərfəli qiymətlərlə məhsulların satışını artıra bilər.
Ümumilikdə, bu qərarın geyim və ayaqqabı qiymətlərinə təsiri birmənalı olmayacaq. Qısa müddətdə bəzi əlavə xərclər səbəbindən qiymətlərdə müəyyən artım ehtimalı olsa da, uzunmüddətli dövrdə daha səmərəli istehsal, endirimli satışların artması və resurslardan rasional istifadə hesabına bazarda qiymət sabitliyi yarana, bəzi məhsullar isə istehlakçılar üçün daha əlçatan ola bilər. Ən böyük qazanc isə ətraf mühitin qorunması, tullantıların azalması və davamlı istehlak modelinin formalaşması olacaq”.
Rüfət Sultan,
BakuPost