Bakıda gecə saatlarında məhəllənin hasarı tikinti şirkəti tərəfindən uçurulub.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 18 ünvanında yaşayan sakinlər belə iddia edirlər.
Vətəndaş bildirdiyinə görə, sözügedən ünvanda "Xəmsə Palace 2021" MTK tərəfindən iki bina inşa edilib. Lakin bir müddət əvvəl üçüncü binanın inşası zamanı qazıntı işləri aparılarkən onların həyətinin hasarı uçub.
Ev sahibi deyir ki, məhkəmə qərarına əsasən iş dayandırılmalı idi. Lakin buna baxmayaraq, tikinti hələ də davam edir.
Sakinlərin iddiası ilə bağlı "Xəmsə Palace 2021" MTK-dan bildirildi ki, sözügedən binalar 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvləri üçün mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət başçısının sərəncamına əsasən tikilib. Vətəndaşın qeyd etdiyi daş hasarın uçması isə yağıntılı havada görülən işlər zamanı torpaq qatının yumşalması ilə bağlıdır. Tikinti şirkətindən o da iddia edildi ki, vətəndaşın yaşadığı 24 sot torpaq sahəsi MTK-nın rəsmi ərazisidir.
Vətəndaşdan bu barədə soruşduqda isə o bildirdi ki, torpağının çıxarışı olmasa da, əlində bələdiyyə sənədi var. O, çıxarışla bağlı müvafiq dövlət qurumuna müraciət edib.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.