Bu gün səhər saat 06:55 radələrində Moskvanın cənubunda, Orexovo-Borisovo rayonunun Yasenevaya küçəsində “Kia Sorento” markalı avtomobildə partlayış baş verib
Bakupostı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə sürücü avtomobilə əyləşib bir neçə metr hərəkət etdikdən sonra olub.
Məlumata görə, güclü partlayış nəticəsində ətrafdakı azı 7 avtomobilə ziyan dəyib. Fotolarda partlayış əsasən avtomobilin ön hissəsində baş verdiyi görünür.
Avtomobili idarə edən 56 yaşlı kişi sağ qalsa da, ağır xəsarətlər alıb. “Məlumata görə, onun çoxsaylı qəlpə yaraları, qapalı sınıqları, ayaqlardan ağır xəsarətləri və üz sümüyünün sınığı var. Zərərçəkmiş son dərəcə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Partlayış anında sürücünün avtomobilin içində sıxılıb qaldığı bildirilir.
İlkin versiyaya əsasən, partlayışın səbəbi əldəqayırma partlayıcı qurğu olub. Məlumatlara görə, qurğu “Kia Sorento”nun alt hissəsinə yerləşdirilib və avtomobil hərəkətə başladıqdan bir neçə saniyə sonra detonasiya edib. Rəsmi qurumlar hələlik bu versiyanı təsdiqləməyiblər. Avtomobil sahibinin kimliyi açıqlanmır.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. Hadisə yerində kriminalistlər və istintaq qrupları işləyir, partlayışın dəqiq səbəbləri və motivləri araşdırılır.
Cavid, BakuPost