Gürcüstanda Ruisi və Urbnisi şəhərlərinin mitropoliti Jobun (Akiaşvilinin) sosial mediada hakim “Gürcü Arzusu” hökumətini sərt tənqid etdiyi xütbəsi yayılıb.
“Bakupost” xəbər verir ki, mitropolit Job hökuməti dinsizlikdə və kilsəyə etiqad etməməkdə günahlandıraraq, Gürcüstanın demoqrafik fəlakətini, miqrasiya problemini, gənclər arasında narkotik asılılığını və qumar oyunlarını misal göstərib, həmçinin korrupsiya məsələsinə toxunub.
O, həmçinin Dövlət Təhlükəsizlik Xidmətini ruhanilərə qarşı casusluq etməkdə ittiham edib. Onun fikrincə, hazırkı Gürcüstan hökuməti öz imkanlarını tamamilə tükəndirib və ölkə gələcəkdə yeni rəhbərlik seçməlidir.
Mitropolit həyəcan təbili çalaraq, ölkədəki mövcud durumun belə davam edə bilməyəcəyinə işarə vurub. O əminliklə deyib ki, “Gürcü arzusu” hökuməti öz imkanlarını artıq tamamilə tükəndirib.
“Bütün dünyada hökumətlər dəyişir və gələcəkdə biz də daha layiqli liderlik seçməliyik”, - deyə Metropolitan Job qərbyönlü müxalifətin danışıq fikirlərini təkrarlayan bəyanatla çıxış edib.
Görəsən, Gürcüstanda nə baş verir?
ReAL Partiyasının sədri Natiq Cəfərli
“Bakupost”a bildirib ki, əslində Gürcüstanda baş verən hadisələr yeni deyil:
“Hardasa bir neçə ildir ki, Gürcüstanın indiki hökumətilə Qərb, əsasən də Avropa Birliyi arasında ciddi problemlər yaşanır. Burada hər iki tərəf müəyyən dərəcədə həm haqlı, həm də haqsızdır. Son illər AB Tiflisin daxili işlərinə daha çox müdaxilə etmək yolunu tutub ki, bu da təbii ki, hakim “Gürcü Arzusu” hökumətinin haqlı narazılığına səbəb oldu. Rəsmi Tiflis onu da bildirir ki, AB onları Rusiyaya qarşı daha sərt addımlar atmağa, Cənubi Osetiya və Abxaziyada ikinci cəbhə açmağa sövq edir. Gürcüstan isə buna getmədi”.
Yüksək ranqlı din xadimlərinin də prosesə qoşulması müsahibimizin fikrincə, maraqlı bir yenilikdir:
“Gürcüstanda kilsə həddən artıq böyük güc və nüfuza sahibdir. Amma hər şey daha çox dərəcədə Gürcüstan kilsə rəhbərindən asılıdır. Mövcud vəziyyətdə bütün Gürcüstanın Katolikos-Patriarxı III Şionun hansı yolu tatacağı, hansı addımlar atacağı maraqlıdır. Onu da qeyd edim ki, o bu vəzifəyə təzəliklə seçilib. III Şionun Gürcüstan hökumətilə kifayət qədər yaxın münasibətlərdə olduğu bildirilir. Ümumiyyətlə, din xadimlərinin siyasətə qarışması doğru deyil”.
Rüfət Sultan,
BakuPost