Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb.
"Bakupost" xəbər verir ki, noyabrın 7-dən 14-dək təşkil olunan WAKO versiyası üzrə qitə birinciliyində Azərbaycan təmsilçisi “Master Class” kateqoriyasında, 63 kiloqram çəki dərəcəsində iki versiya üzrə mübarizə aparıb.
İdmançımız “Light Contact” versiyasının finalında Portuqaliya təmsilçisi Emanuel Kortesi, “Kick Light” versiyasında isə Macarıstan idmançısı Marton Hası və İtaliya təmsilçisi Alessandro La Mantianı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Eduard Məmmədov karyerasında 13-cü dəfə Avropa çempionu tituluna sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovniki olan Eduard Məmmədov dəfələrlə dünya və Avropa çempionu olub. O, qazandığı qələbələri şəhidlərin xatirəsinə həsr etdiyini bildirib.