Çinin Hunan əyalətində sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs cəzası ilə üzləşən kişi cəzadan yayınmaq üçün öz ölümünü saxtalaşdırıb. Ailəsinin köməyi ilə hətta dəfn mərasimi təşkil edən şəxsin planı polis araşdırması nəticəsində üzə çıxıb.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, kişi daha əvvəl iki dəfə sürücülük vəsiqəsi olmadan və spirtli içkinin təsiri altında avtomobil idarə edərkən saxlanılıb.
Üçüncü dəfə yaxalandıqdan sonra həbsxanaya düşəcəyindən qorxan şübhəli qeyri-adi plan hazırlayıb.
Girov müqabilində azadlığa buraxılan kişi anası və nənəsinin köməyi ilə əvvəlcədən tabut alıb. Daha sonra evdə dərmandan zəhərlənərək öldüyü görüntüsü yaratmaq üçün boş dərman qutuları yerləşdirib.
Saxta dəfn mərasimi zamanı ailə üzvləri tabutun açılmasına imkan verməyib. Onlar mərhumun üzünün dərmanların təsirindən tanınmaz hala gəldiyini iddia ediblər. Kişi isə bu müddətdə başqa əyalətə qaçıb.
Polis hadisə ilə bağlı araşdırma zamanı bir sıra şübhəli məqamlar aşkarlayıb. Tabutun kişinin ölümündən əvvəl alınması, hadisə yerinə təcili yardım çağırılmaması, rəsmi ölüm şəhadətnaməsinin olmaması və dəfn üçün tələb olunan sənədlərin təqdim edilməməsi hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Daha sonra təhlükəsizlik kameralarının görüntüləri və qonşuların ifadələri kişinin, əslində, ölmədiyini ortaya çıxarıb.
Polis tərəfindən saxlanılan kişi məhkəmənin qərarı ilə 5 ay müddətinə həbs və 20 min yuan cərimə cəzasına məhkum edilib.
Onun “ölümünü” saxtalaşdırmasına kömək edən anası və nənəsi barəsində də hüquqi tədbirlər görülüb.