Ru
13:21 / 28 Aprel 2026

Həkimlər niyə səhv edir? - Problem bilikdə yox, düşüncədədir

Həkimlər niyə səhv edir?  - Problem bilikdə yox, düşüncədədir
Eye

2007-ci ildə Harvard professoru, hematoloq-onkoloq Jerome Groopman “How Doctors Think” adlı kitabını nəşr etdirdi. Kitab tibb camiəsində birmənalı qarşılanmadı. Bəziləri üçün bu, həkim peşəsinə yönəlmiş sərt tənqid idi və bir çox həkimin eqosuna toxundu. Amma eyni zamanda böyük rezonans doğurdu. Oxucu rəylərində tez-tez belə bir fikir səslənirdi ki, bu kitabı oxuduqdan sonra həkiminizə heç vaxt əvvəlki kimi baxmayacaqsınız.

Groopman Harvard Tibb Məktəbində dərs deyərkən diqqətini çəkən bir məqamı bölüşür. Bu məktəbin tələbələri son dərəcə parlaq, intellektual və yüksək səviyyəli gənclər idi. Buna baxmayaraq, onların arasında geniş yayılmış bir problem var idi: yanlış diaqnoz qoymaq. Yanlış diaqnoz təkcə tibbi səhv deyil, bəzən ağırlaşma, bəzən geri dönməz nəticə, bəzən isə həyat itkisi deməkdir. Müxtəlif mənbələrə görə səhv diaqnoz təxminən 15 faiz, bəzi hallarda isə 25 faizə qədər yüksələ bilər. Bu isə hər dörd-altı xəstədən birinin risk altında olması deməkdir.

Bu statistikaları analiz etdikdən sonra Groopman çox vacib bir nəticəyə gəlir: problem həkimlərin biliyində deyil, problem onların düşüncə tərzindədir. Həkimlər çox zaman xəstəni görən kimi ilkin qənaətə gəlir, ilk eşitdikləri simptomlar əsasında diaqnoz formalaşdırır və sonrakı məlumatları bu qəlibə uyğunlaşdırmağa çalışırlar. Bu isə səhvlərin əsas mənbəyinə çevrilir.

Müəllif öz təcrübəsindən də nümunələr gətirir. Rezident olduğu dövrdə gənc bir qadın sinə nahiyəsində ağrı və yanma şikayəti ilə müraciət edir. Bu şikayətlər mədə turşuluğu kimi qiymətləndirilir və xəstə evə göndərilir. Bir neçə həftə sonra isə həmin xəstə aorta anevrizmasının rüpturası ilə təcili yardım şöbəsinə gətirilir. Bu hadisə göstərir ki, səhv çox zaman məlumatsızlıqdan deyil, tələsik və avtomatik düşüncədən qaynaqlanır.

Groopman daha sonra öz başına gələn bir hadisəni danışır. O, sağ əlindən travma alır və davam edən ağrı səbəbilə altı müxtəlif cərraha müraciət edir. Hər bir həkim fərqli diaqnoz irəli sürür. Onlardan biri hiperreaktiv sinovia olduğunu deyir, digəri belə bir diaqnozun mövcudluğunu şübhə altına alır. Başqa bir cərrah MRT görüntülərinə əsaslanaraq üç mərhələli əməliyyat planlaşdırır. Digəri podaqra ehtimalını irəli sürür. Nəhayət, bir cərrah hər iki əli müqayisə edərək kiçik bir bağ zədələnməsini aşkar edir və Groopman məhz bu yanaşma üzərində qərar tutur. Bu nümunə tibbdə eyni klinik vəziyyətə fərqli baxışların mümkün olduğunu və doğru qərarın çox zaman müqayisə, analiz və sual verməkdən keçdiyini göstərir.

Kitabın xəstələrə verdiyi əsas mesajlardan biri budur ki, tam sakit, sual verməyən, passiv xəstə riskli xəstədir. Xəstə sual verməli, maraqlanmalı və bəzən həkimi müxtəlif istiqamətlərdən düşünməyə təşviq etməlidir. Həkimlə xəstə arasında qurulan dialoq və qarşılıqlı əməkdaşlıq çox zaman yanlış diaqnozun qarşısını ala bilər. Tibbdə ən güclü vasitələrdən biri məhz bu ünsiyyətdir.

Bu məsələyə sistem prizmasından baxdıqda isə daha geniş bir mənzərə ortaya çıxır. Həkimin düzgün düşünə bilməsi üçün onun emosional təzyiq altında qalmaması vacibdir. Daimi zaman məhdudiyyəti, protokol təzyiqi, sənədləşmə yükü və malpraktika qorxusu həkimin qərarvermə prosesini daraldır. Həkim sürətli qərar verməyə məcbur olduqda isə səhv ehtimalı artır.

Buradan çıxan nəticə ondan ibarətdir ki, səhiyyə sistemində yalnız bilik və texnologiya deyil, eyni zamanda düşünmə üçün şərait yaradılmalıdır. Həkim kağız-küruz, inzibati işlər və hüquqi təzyiq arasında sıxılmamalıdır. Onun maddi və mənəvi təminatı elə qurulmalıdır ki, daha çox xəstə baxmaq deyil, keyfiyyətli xidmət göstərmək prioritetə çevrilsin. Yəni “daha çox işlədikcə daha çox qazanaram” deyil, “keyfiyyətli işləyərək yetərincə qazanaram” psixologiyası formalaşmalıdır. Avropa təbabətində bu yanaşmanın əsas prinsiplərdən biri olduğu məlumdur.

Cəmiyyət üçün də bu balans vacibdir. Həkimlik və hüquqşünaslıq kimi ixtisasların qazancı orta səviyyədən yüksək olsa da, bu fərq ifrat həddə çatmamalı və eyni zamanda peşənin keyfiyyətinə mənfi təsir göstərməməlidir. Əsas məqsəd sürət deyil, düzgünlük və keyfiyyətdir.

Nəticə olaraq həm həkimlər, həm də xəstələr üçün əsas mesaj aydındır. Tibbdə uğur yalnız bilikdən deyil, düzgün düşünmə mexanizmindən asılıdır. Həkim öz düşüncəsini izləməyi öyrənməli, xəstə isə bu prosesin aktiv iştirakçısına çevrilməlidir. Sistem isə bu ikisini qoruyan və dəstəkləyən bir mühit yaratmalıdır. Optimumun tapılması məhz bu üçlüyün – həkim, xəstə və sistemin balanslı əməkdaşlığından keçir.

Turanə Rəsulova,
Uzman doktor


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar