Amerika rəsmiləri hesab edirlər ki, Hörmüz boğazının blokadası nəticəsində İran tezliklə çökəcək.
ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkəsindəki hesabında İrana məxsus liman və gəmilərin blokadaya alınması nəticəsində ölkənin neft hasilatının yaxın vaxtlarda "çökəcəyini", növbəti addımın isə daxili bazarda benzin qıtlığı yaradılması olacağını sözləyib.
Bakupost.az xəbər verir ki, amerikalı nazir İranın neft sənayesinin dayanma nöqtəsinə gəldiyini vurğulayıb.
"Bloomberg" agentliyinin məlumatına görə, İranın hasilatı cəmi 12-22 günə yetəcək. Bildirilir ki, blokada nəticəsində neft ixracı təxminən 70 faiz azalıb. Belə vəziyyətdə Tehran mayın ortalarına qədər hasilatı gündəlik daha 1,5 milyon barrel azaltmağa məcbur olacaq.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban
Bakupost.az-a bildirib ki, ABŞ tərəfindən səsləndirilən bu sayaq bəyanatlarda siyasi çalarlar daha çoxdur, nəinki iqtisadiyyat:
“Hörmüzdən çıxan İran tankerlərinin ABŞ blokadası ilə bazarlara daşınmasının qarşısının alınması fonunda sözsüz ki, Tehran hasilatı azaltmalı olacaq”.
Ancaq ekspert İran daxilində yanacaq qıtlığının yaranacağı barədə deyilənlərin tamamilə uydurma olduğu qənaətindədir:
“İranın neftayırma zavodları vurulmayıb. Belədə xarici bazara çıxa bilməyən İran öz məhsulunu emal edərək daxili bazarda satacaq. Bu isə İranın hasilatı azalsa da, vəziyyətin qıtlığa gətirib çıxaracağı anlamına gəlməməlidir. İran neftinin 90 faizi qara yollarla, statistika aparılmadan Çin bazarına gedir”.
Həmsöhbətimzin fikrincə, Çin də öz növbəsində İran nefti olmadan keçinə biləcək:
“Çinin milyard barrellik ehtiyatı var. Özü də 200 milyon tondan çox neft hasil edir. Məhz bazarda qıtlıq olmaması səbəbindən hazırda neftin qiyməti orta hesabla 100 dolların ətrafındadır. Hörmüz boğazı açılsa neftin qiyməti bir günün içində 20-30 dollar enəcək”.
Rüfət Sultan, BakuPost