HƏMAS “ən geniş milli koalisiya"nın bir hissəsi olaraq Fələstin Qanunvericilik Şurasına seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Hüsam Badran məlumat verib.
O, təşkilatın vahid seçki bloku yaratmaq üçün digər Fələstin partiyaları və qrupları ilə danışıqlar apardığını söyləyib.
Sözçü seçkiləri Fələstinin daxili işlərini təşkil etmək üçün "ən yaxşı və düzgün yol" adlandıraraq, partiyaların iştirakına siyasi şərtlər qoyulmasına qarşı çıxıb.
Badran onu da qeyd edib ki, HƏMAS həmçinin prezident və Milli Şura seçkilərinin keçirilməsini də dəstəkləyir. Bu əsasda o, təşkilatın Milli Şura üzvlərinin təyin edilməsinə qarşı çıxdığını bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qanunvericilik Şurasına seçkilərin bu ilin noyabrın 28-də keçiriləcəyini açıqlayıb. Prezident seçkiləri isə 2027-ci ilə planlaşdırılır.
Rüfət Sultan,
BakuPost