Regional hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən “Flydubai” aviaşirkətinə məxsus Kazan–Dubay və Moskva–Dubay marşrutları üzrə hərəkət edən hava gəmilərinin kapitanları ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün müraciət ediblər.
Bakupost.az bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir.
Məlumata görə, Kazan–Dubay reysi yerli vaxtla saat 11:25-də, Moskva–Dubay reysi isə saat 11:43-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz şəkildə eniş edib.
Bildirilib ki, hər iki halda sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi tam təmin olunub, eniş və sonrakı əməliyyat prosesləri mövcud beynəlxalq aviasiya standartlarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat infrastrukturu alternativ və tranzit reyslərin qəbuluna tam hazırlıqlı vəziyyətdədir və regional hava nəqliyyatı sistemində etibarlı ehtiyat hava limanı funksiyasını effektiv şəkildə yerinə yetirməyə davam edir.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.