Ru
13:09 / 21 Aprel 2026

Hörmüz məsələsində kompromis ola bilər: İkinci raunddan gözləntilər

Hörmüz məsələsində kompromis ola bilər: İkinci raunddan gözləntilər
Eye

ABŞ və İran arasında danışıqların ikinci raundu aprelin 22-si səhər saatlarında yenə də İslamabadda baş tutacaq.

Bakupost.az xəbər verir ki, ABŞ nümayəndə heyətinə birinci raundda olduğu kimi, vitse-prezident Cey Di Vens, İran tərəfinə isə parlamentin sədri Məhəmməd Baqer Qalibafın rəhbərlik edəcəyi bildirilir.

Xatırladaq ki, ABŞ ikinci raund danışıqlara bir xeyli əvvəl razılıq versə də, İran son ana qədər bu məsələdə yekun qərar verməyə tələsmirdi. İrandan olan nümayəndələr yalnız dünən dini lider Möctab Xameneinin iştirakla bağlı razılığına ala biliblər.
ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərə Vaşinqtonla Tehran arasında sazişin artıq bu axşam imzalana biləcəyini gözlədiyini bildirib.

Politoloq İlqar Vəlizadə Bakupost.az-a bildirib ki, ikinci raund danışıqlarda Hörmüz probleminin çözülməsi ehtimalı böyükdür:

“Hörmüz boğazı ətrafındakı vəziyyət hər iki tərəfi narahat edir. Mövcud vəziyyət Amerikanın xarici imicinə də təsir edir. Bu səbəbdən yəqin ki, Hörmüz boğazında qaydalarla bağlı müəyyən razılıq əldə olunacaq. Məsələ ətrafında tərəflər sabahkı danışıqlarla müəyyən ortaq məxrəcə gələ bilərlər”.

Həmsöhbətimiz digər problemlər ətrafında hansısa bir razılaşmanın olması ehtimalını isə aşağı hesab edir:

“Tərəflər hələ də diametral olaraq bir-birinə əks mövqedədirlər. Ona görə də ikinci raundun konkret olaraq hansısa nəticələr verəcəyini indidən düşünmək çətindir. Digər tərəfdən, mövqelərdəki kəskin fərqlərə baxmayaraq, tərəflər dialoqdan da qaçmırlar. Bu da onu göstərir ki, danışıqlarda nəticə ilə bağlı müəyyən potensial var. Uran, İranın nüvə proqramı və balistik raketlərlə bağlı məsələlərdə isə irəliləyiş gözlənilmir”.

Ekspertin sözlərinə görə, müharibəni kompromissiz bitirmək mümkün olmayacaq:

“Bunu hər iki tərəf başa düşür. Ona görə də danışıqların növbəti raunduna razılıq veriblər. Hər iki tərəf başa düşür ki, yalnız müharibəyə “stavka” etmək çətin olacaq”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar