Vaxtilə yazıçı Əkrəm Əylisli “Daş yuxular” romanına görə ciddi ictimai təzyiqlərlə üzləşmiş, nəticədə “Xalq yazıçısı” fəxri adından məhrum edilmiş, kitabları yandırılmışdı. İndi isə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı oxşar müstəvidə müzakirələr aparılır. Dövlətə xəyanət ittiham ilə məhkum edilən Mehdiyevin təltiflərdən məhrum olunması məsələsi də gündəmə gəlib.
Bəs onun kitablarının qadağan edilməsinə ehtiyac varmı?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan sabiq deputat Etibar Əliyev Ramiz Mehdiyevi Əkrəm Əylisli ilə müqayisə etmək doğru olmadığını bildirib.
“Əkrəm Əylisli yazıçıdır və kifayət qədər geniş oxucu auditoriyasına malik olub. Burada sual yaranır: Ramiz Mehdiyevin hansı əsərləri var? Onun rus dilində fəlsəfəyə dair bir kitabı, həmçinin Şah İsmayıl Xətai haqqında əsəri mövcuddur. Həmin kitablar yalnız qapalı çevrələrdə müzakirə olunurdu. Onun tapşırığı ilə universitetlərdə bu əsərlərə yüksək qiymət verilir, təriflər söylənilirdi. Hətta parlamentdə təmsil olunan deputatların əksəriyyəti həmin kitabları indiyədək yazılmamış, müstəsna elmi əsərlər kimi təqdim edirdi. Ancaq bu kitablar geniş oxucu auditoriyası tərəfindən qəbul edilmədi. Onlar çap olunduqları gündən etibarən yalnız müəyyən çevrələrdə müzakirə edildi və tərifləndi. Sonradan isə həmin kitablar bukinistlərə verildi. İndi isə bukinistlərin belə onları gizlətdiyi bildirilir”.
Sabiq deputat deyib ki, Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhddə və korrupsiya əməllərində ittiham olunması onun əsərlərinin də yenidən müzakirəsinə səbəb olur:
“Amma mən həmin kitabların çap olunduğu vaxtdan indiyədək geniş oxucu kütləsi tərəfindən oxunduğunu və rəğbətlə qarşılandığını görməmişəm. Hətta onun Şah İsmayıl Xətai haqqında yazdığı kitabın plagiat olması ilə bağlı da iddialar var. Mən onun fəlsəfə kitabını vərəqləmişəm. Hesab edirəm ki, həmin əsər yararsızdır. Hələ 2019-cu ildə bu barədə tənqidi yazmışdım. Çünki bu kitabdan elmi mənbə kimi istifadə etmək mümkün deyil. Əsər sırf dialektik və tarixi materializm ruhunda yazılıb. Ramiz Mehdiyevin özü filosof olmayıb. Ehtimal edirəm ki, həmin kitablar, o cümlədən fəlsəfəyə dair əsər onun öz tapşırığı ilə başqa şəxslər tərəfindən hazırlanıb”.
Etibar Əliyevin fikrincə, Ramiz Mehdiyevin elmi adları da nəzərdən keçirilməli və qanunvericiliyə uyğun tədbirlər görülməlidir:
“O, Azərbaycan Milli Elmlər Akademiyasının əsasnaməsinin tələblərini kobud şəkildə pozub. Əsasnamədə akademiyanın müxbir üzvlərinin sırasından akademiklərin seçilməsi nəzərdə tutulduğu halda, Ramiz Mehdiyev elmlər doktorluğundan birbaşa akademikliyə yüksəlib. Bu da ciddi prosedur pozuntusu idi. Bütün bunlara baxmayaraq, onun akademik olması da kitablarının oxunmasına və qəbul edilməsinə kömək etmədi. Bu gün həmin kitabların bukinistlərdə belə gizlədilməsi göstərir ki, onların geniş oxucu auditoriyası heç vaxt olmayıb. Başqa sözlə, Ramiz Mehdiyevin özü kimi, əsərləri də cəmiyyətin yaddaşında müsbət iz buraxa bilməyib”.