Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirildi.
Bakupost.az xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzaladı.
Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olundu.
Eyni zamanda, icra başçısının digər müavini Nəzakət Rüstəmova da 21 ildir çalışdığı vəzifəsindən azad edildi.
Bundan əlavə, icra başçısının köməkçisi Aydın Xoçberov vəzifəsindən azad olunaraq, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunda məsləhətçi (vətəndaşların müraciətləri üzrə işin aparıcısı) vəzifəsinə təyinat aldı.
Elxan Murtuzov sektor müdiri – baş mühasib vəzifəsindən azad olundu, o, yeni yaradılan İnzibati işlər sektorunda aparıcı məsləhətçi (mühasib) vəzifəsinə təyin edildi.
Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova da vəzifəsindən azad olunaraq, hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin edildi.
Rayonun baş memarı Tahir Rəcəbov da vəzifəsindən azad edildi, yeni yaradılan Memarlıq-tikinti məsələləri sektoru sektor müdiri (baş memar) vəzifəsi vakant elan olundu.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova da vəzifəsindən azad edildi və şöbə sektora çevrildi.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi sektora çevrilib. Əvvəllər şöbəyə rəhbərlik edən Ağa Ağayev isə məsləhətçi vəzifəsinə təyin edildi.
İcra hakimi başçısının kadr dəyişikliyindən sonra yeni yaranan və boş qalan İnzibati işlər, hüquq və kadr məsələləri, memarlıq-tikinti məsələləri, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorlarının müdiri və baş mühasib vəzifələri barədə vakansiyaya elan olundu.
Qeyd edək ki, RİH-də həyata keçirilən struktur dəyişikliyi nəticəsində daha bir neçə nəfər işdən çıxarıldı.