Ardıcıl olaraq aprelin 14-ü Türkiyənin Şanlıurfa şəhəri və aprelin 15-də Kahramanmaraşdakı məktəbdə baş verən qanlı insident cəmiyyətdə geniş etiraz doğurub. Bu baş verənlər gənclərin bir qisminin həddən artıq aqressivliyə meylləndiyinə işarə sayıla bilər.
Türkiyədə yaşayan politoloq
Ramiyyə Məmmədova Bakupost.az-a bildirib ki, mövcud vəziyyətin yaranmasında başlıca günah sosial şəbəkələrdir:
“Sosial şəbəkələrin aktuallaşması bir çox insanların beyinlərində problemlərin yaranmasına səbəb olub. Gənc nəslin daha çox sosial şəbəkələrə meyl etməsi, onların sosial şəbəkələr üzərindən yönləndirilməsi, dəbdə olan bəzi oyunlar insanları sonda bir çox qeyri-adekvat addımlara sövq edir”.
Həmsöhbətimizin sözlərinə görə, Türkiyədə həm gənclər, həm də orta nəsil arasında silahlı oyunlara meyllilik geniş yayılıb:
“Hansı ki, bu kimi dəbdə olan oyunların bəziləri insanların, xüsusən də uşaqların zehninə mənfi mənada təsir göstərir. Türkiyədə Kahramanmaraşda hadisəni törədən gəncin teleqramda yazışmalarını gördük. Ona daha öncədən müəyyən fikirlər yönləndirilib. Həmin gənc Amerikadakı liseydə bir il öncə qətl törədən gənclə bağlı araşdırmalar aparıb. Nəticədə aprelin 11-də öz kompüterində belə bir mesaj yazmışdı ki, yaxınlarda bir hadisə törədiləcək”.
Ekspert qeyd edir ki, Türkiyədə nəzarətsiz silahlar məsələsi də geniş vüsət alıb:
“Uşağın atası keçmiş polis əməkdaşı olub və evlərində 7 ədəd silah tapılıb”.
R. Məmmədova hesab edir ki, uşaqların mütəmadi olaraq sosial şəbəkələrdə olması onların xeyrinə deyil:
“Həm təhsil, həm assosial, həm ailə münasibətləri, həm də çevrələri arasındakı münasibətlər baxımından bunlar gənclərdə ciddi fəsadlar yaradır. Valideynlər uşaqlarını daha çox intelektual həyata yönləndirməlidir”.
Rüfət Sultan, BakuPost