Ru
17:43 / 20 Noyabr 2025

İki təhsil ocağının bir direktoru... - 333 saylı məktəbdə korrupsiya iddiası

İki təhsil ocağının bir direktoru... - 333 saylı məktəbdə korrupsiya iddiası
Eye

"Bakıda yerləşən 333 nömrəli tam orta məktəbdə direktor səlahiyyətlərini müvəqqəti icra edən İlahə Həmidova və məktəbin direktor müavini Mətanət Hüseynova qanunsuz əməllər və korrupsiyaya yol verirlər".

Bunu Bakupost.az -a məktəbin 2000–2021-ci illərdə direktoru olmuş Arzu Hüseynova bildirib.

Keçmiş direktorun sözlərinə görə, hazırda 144 nömrəli məktəbin direktoru olan İlahə Həmidova eyni zamanda 333 nömrəli məktəbə rəhbərlik edir və adına yazılan 12 saat dərsə qatılmadan idarəçiliyi onlayn qaydada həyata keçirir:

“Araşdırsanız, o yəqin ki, digər məktəb də də eyni əməlləri törədir. Ancaq bu saatların əmək haqqısını hər ay dövlətdən mənimsəyir”.

Arzu Hüseynova iddia edir ki, İlahə Həmidova və ötən il korrupsiya əməllərinə görə töhmət almış direktor müavini Mətanət Hüseynova məktəbdə qeyri-qanuni sistem yaradıblar.

Onun sözlərinə görə, 10 və 11-ci siniflərdə ümumilikdə 169 şagird ilboyu 6 və 7-ci dərslərdən qeyri-rəsmi şəkildə evə buraxılır və bunun müqabilində valideynlərdən külli miqdarda pul yığılır:

“Mətanət Hüseynovanın qanunsuzluqları və özbaşınalığı nəticəsində məktəbin 4 paralel 10-cu sinfi (86 şagird), 4 paralel 11-ci sinfi (83 şagird) il ərzində 6 və 7-ci saatlarda evə buraxılır. Mətanət Hüseynova deyir ki, İlahə Həmidova ilə birlikdə icazə almışam, hazırlığa gedin. Buna görə də 169 şagirddən aldıqları küllü miqdarda rüşvəti hər ay İlahə ilə bölüşürlər. Əgər araşdırma aparılsa, dərhal ortaya çıxacaq. Bu isə il ərzində küllü miqdarda dövlət dərs saatının itirilməsi və rüşvət yolu ilə pul qazanmaq deməkdir".

Keçmiş direktorun iddialarına görə, Mətanət Hüseynova qanunsuz hazırlıq qrupları təşkil edir və buna görə müəllimlərdən aylıq 100 manat pul tələb edir. Adı çəkilən müəllimlərin siyahısı da təqdim olunub:

“Solmaz Hüseynova , Günel Hüseynli, Mahrux Əliyeva , Esmira İbrahimova, Günay Əsgərova, Şəms Usubova, Günel Əsgərova, Şəms Əliyeva. Mətanət və İlahə birləşərək məktəbi özəl hazırlıq kursuna çeviriblər. Məktəbin riyaziyyat müəllimi məcburi ərizə yazdırılaraq öz hesabına məzuniyyətə göndərilib. Onun dərs saatları isə Mətanət və İlahənin məktəbdəki qanunsuz hazırlıq qrupunda olan Şəms Usubovaya verilib. Dərs saatlarının pulunu isə öz aralarında bölürlər. Məktəbin fiziki tərbiyə müəllimi Munis Tahirov musiqi sahəsində öz şəxsi biznesi ilə məşğul olur və məktəbə gəlmir. Adına yazılan dərs saatlarına görə məvacibi isə İlahə ilə Mətanət öz aralarında bölürlər”.

Arzu Hüseynova deyir ki, qanunsuzluğa etiraz edən müəllimlərə “Bizim hər yerdə adamlarımız var”, “Heç kim heç nə edə bilməz” deyərək hədə-qorxu gəlirlər:

“Şəhid və qazi ailələrinin yaşadığı bir ərazidə yerləşən bu məktəbdə baş verən korrupsiya əməlləri araşdırılmalı, İlahə Həmidova və Mətanət Hüseynova cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Məsələ ilə bağlı 144 nömrəli məktəbin direktoru və 333 nömrəli məktəbdə müvəqqəti rəhbərliyi icra edən İlahə Həmidova ilə əlaqə saxladıq. İlahə Həmidova Bakupost.az -a açıqlamasında deyilən iddiaları təkzib etdi və bildirdi ki, Arzu Hüseynova heç vaxt 333 nömrəli məktəbin direktoru olmayıb:

“Bunu sistem üzərindən də araşdıra bilərsiniz. Zatən elə bir dövrdəyik ki, bütün məlumatlar elektron sistemdədir. Kağız sistem deyil ki, orada nəsə tapılmasın. Sadəcə, bu məktəb əvvəlki illərdə Qarabağ Regional Təhsil İdarəsinə tabe olan 149 nömrəli məktəb olaraq fəaliyyət göstərib və mənim bildiyim qədər həmin dövrlərdə məktəbin Arzu adlı direktoru olub”.

Direktor bildirib ki, Arzu Hüseynovanın özü də vaxtilə işində ciddi nöqsanlara görə məsuliyyətə cəlb olunub və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib:

“Mən sizdən çox xahiş edirəm, Arzu xanımın özünü araşdırın. Mənim bildiyim qədər, o, işində buraxdığı kobud nöqsanlara görə məsuliyyətə cəlb olunub. Çünki dövlət siyasətinə qarşı çıxan, dövlətin təhsil sisteminə zərbə vuran insanlar artıq, gördüyünüz kimi, sosial mediada da müzakirə olunur və heç kim cəzasız qalmır.

Arzu xanım təkcə məktəblə bağlı yox, məktəb rəhbərliyi adından istifadə edərək bir sıra qanun pozuntularına yol verdiyinə görə məsuliyyətə cəlb olunub. Məndə olan məlumatlar bunlardır və məktəb daxilində də geniş şəkildə müzakirə olunur. Onun iddia etdiyi məsələlərə gəlincə, mən 144 nömrəli məktəbin direktoruyam və bəli, müvəqqəti olaraq - 3 aylığa həmin məktəb mənim səlahiyyətimə verilmişdi. Bir işçi bir yerdə tam ştat işləyirsə, digər iş yerində müəyyən saatlarla çalışa bilər. Bu, Əmək Məcəlləsi ilə tənzimlənir. Çünki mənim əsas iş yerim 144 nömrəli məktəbdir və qanunvericiliyə uyğun olaraq, mən həvalə olunanəlavə iş yerində müəyyən edilmiş saatlarda olmalıyam. Həmin saatlarda da maksimum şəkildə orada oluram və hətta həmin saatlardan artıq da məktəbdə qalmağa çalışıram. Çünki o məktəb 2 növbəlidir, axşam saatlarına qədər tədris prosesi davam edir. Yəni onu da bildirim ki, qaydalara uyğun olaraq mənim iş saatlarım tənzimlənir”.

İlahə Həmidova ona qarşı səslənən digər ittihamları da tamamilə "əsassız və böhtan" adlandırıb, məsələ ilə bağlı hüquqi addım atacağını bildirib:

“Təhsil sistemində uzun illər müəllim kimi fəaliyyət göstərmişəm, metodist olmuşam, araşdıra bilərsiniz ki, bu sahədə hər hansı qanun pozuntusuna yol vermişəm, ya verməmişəm. Qəti şəkildə, tam məsuliyyətimlə deyirəm ki, yol verilməyib. Bu deyilənlər boş, cəfəng sözlər, şər-böhtandır. Müvafiq qurumlara da açığıq. Gəlib bu ittihamları yerində araşdırsınlar. Hətta mən özüm müraciət edəcəyəm ki, gəlib məktəbi araşdırsınlar.

Arzu xanım kimi düşünən insanlardan olsam, mən də qeyri-peşəkarcasına müəyyən subyektiv və ya şəxsi fikirlər səsləndirə bilərdim. Amma təxmin edirəm ki, onun bu ittihamları nəyə görədir. Bir az araşdırma etsəniz, özünüz də görəcəksiniz ki, bu qərəzlilik pik həddədir və səbəbi nədir. Amma mən bununla bağlı heç nə demirəm. Məncə, Arzu xanım düz yola gəlsin. Çünki o da bir xanımdır və ən azından təhsildə xidməti olub. Aydındır ki, etdiyi nöqsanlara, qanun pozuntularına görə bir neçə dəfə dövlət tərəfindən məsuliyyətə cəlb olunub. O oturub düşünməlidir ki, mən bu dövlətə, özümə bunu niyə edirəm? Ən azı vicdan sorğulamasını etsin”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərdik. Qurumdan Bakupost.az -a bildirildi ki, paytaxtdakı 333 nömrəli tam orta ümumtəhsil məktəbinə dair qeyd olunan iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq:

“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam, işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar