İstanbul Prokurorluğu Böyükşəhər bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğluna qarşı aparılan korrupsiya istintaqını başa çatdırıb və onun barəsində 282 ildən 2 352 ilədək azadlıqdan məhrumetmə cəzası tələb edib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Bildirilib ki, İstanbul Baş prokuroru Akın Gürlek ittihamnamənin tamamlandığını və məhkəməyə təqdim edildiyini açıqlayıb.
“İstanbul Bələdiyyəsinə qarşı korrupsiya işi üzrə ittiham aktı tamamlanıb və məhkəməyə göndərilib. Müttəhimlərin 10 il ərzində dövlət əmlakına vurduğu zərərin 160 milyard lirə (təxminən 3,8 milyard dollar) olduğu ehtimal edilir”, – deyə Gürlek qeyd edib.
İttihamnamə 3900 səhifədən ibarətdir və 102-si həbsdə olan ümumilikdə 402 nəfərin adını əhatə edir. Prokurorluq İmamoğlunu “cinayətkar təşkilatın qurucusu və rəhbəri” kimi tanıyır.
Hazırda iş məhkəmənin baxışına göndərilib. Məhkəmənin iclas tarixinin yaxın günlərdə açıqlanacağı gözlənilir.