Rusiya xarici işlər naziri Sergey Lavrov ilə prezident Vladimir Putin arasında fikir ayrılığı olduğu barədə xəbərlər yayılıb.
Bakupost.az xəbər verir ki, son həftələrdə Moskva siyasi çevrələrində 2004-cü ildən bəri Rusiyanın xarici siyasətinə rəhbərlik edən Sergey Lavrovla prezident Putin arasında fikir ayrılığı yaşandığına dair iddialar Moskva kuluarlarını canlandırıb.
Bu iddiaları gücləndirən bir neçə hadisə diqqət çəkib. Lavrov, Putinin məmurlara nüvə sınaqlarının bərpasına dair təkliflər hazırlamağı tapşırdığı Təhlükəsizlik Şurasının iclasına qatılmayan yeganə daimi üzv olub. Bundan başqa, onun 22–23 noyabrda Cənubi Afrikada keçiriləcək “G20” sammitində iştirak etməyəcəyi, əvəzində daha aşağı səviyyəli bir rəsmisinin göndəriləcəyi açıqlanıb.
75 yaşlı Lavrovla Putin arasında gərginlik iddialarına Kreml reaksiya verib. Rəsmi açıqlamada deyilib ki, bu məlumatlar “tamamilə əsassızdır”. Lakin kuluarlarda Lavrovun ABŞ dövlət katibi Marko Rubio ilə apardığı gərgin telefon danışığının ardınca Putin–Tramp zirvəsinin ləğv olunmasının münasibətləri gərginləşdirdiyi müzakirə olunur.
Kremlə yaxın mənbələr Lavrovun vəzifədən uzaqlaşdırılacağı iddialarını təkzib etsələr də, “Rubio ilə keçirilən görüşün zəif idarə olunduğunu” və “diplomatik çaşqınlığa səbəb olduğunu” da etiraf ediblər.
Rusiyanın keçmiş rəsmilərindən biri bildirib ki, “Putin Budapeştdəki görüşün baş tutmasını istəyirdi. Lavrovun bu məsələyə müdaxiləsi onun səlahiyyətinə daxil deyildi”.
Putinlə Tramp arasında planlaşdırılan zirvə Rusiya liderinə Ukrayna məsələsində mövqeyini müdafiə etmək və Avropa Birliyinin təcrid siyasətinə baxmayaraq, qitədə siyasi mövqelərini gücləndirmək imkanı verəcəkdi. Lakin görüşün ləğvindən sonra Tramp administrasiyası Moskvaya qarşı daha sərt mövqe sərgilədi və Rusiyanın iki ən böyük neft şirkətinə sanksiya tətbiq etdi.
Cavid, BakuPost