"İnqilab sistemli dəyişiklikdir" - ABŞ-da baş verənlərlə bağlı MÜSAHİBƏ

Politoloq Azər Qasımlı Novator.az saytının suallarını cavablandırıb.

– Yanvarın 6-da sonuncu prezident seçkisinin rəsmi nəticəsini qəbul etmək istəməyən ABŞ-ın hazırkı dövlət başçısı Donald Trampın tərəfdarları Konqres binasına hücum çəkdilər. Ölənlər, yaralananlar, tutulanlar oldu. Bəziləri bunu azadlıq hərəkatı, bəziləri isə əksinə – azadlığı boğmaq cəhdi kimi qiymətləndirir. Adamların ayağa qalxması hansı halda azadlığı boğmaq cəhdi və əksinə – adamların yerində oturdulması hansı halda azadlığa xidmət sayıla bilər?

– Konqresə hücum qeyri-qanuni hərəkət olmaqla bərabər həm də ABŞ demokratiyasına qarşı olduqca simvolik bir addım idi. Çünki Konqres bilavasitə ABŞ xalqının iradəsini ifadə edən əsas dövlət institutudur, onun prezidenti vəzifəsən götürmək hüququ da var. Konqresə keçirilən seçkilərdə isə hər hansı pozuntunun olduğunu iddia edən olmayıb. Bu qurumda həm demokratlar, həm respublikaçılar, bir sözlə, ABŞ xalqının iradəsi təmsil olunub. Konqres nə seçki keçirən komissiyadır, nə də Seçicilər Kollegiyası. Konqresdən əvvəl prezident seçkisinin nəticələrini araşdıran və qərar verən seçki komissiyaları, Seçicilər Kollegiyası, ABŞ Ali Məhkəməsi və bir sıra ştatların məhkəmələri olub. Seçki saxtakarlığı ilə bağlı iddialar məhkəmə araşdırmalarında təsdiqini tapmayıb.

Digər tərəfdən hamı bilir ki, ABŞ-da seçki institutu işləkdir, siyasi rəqabəti və hakimiyyət dəyişikliyini təmin edir. Hamı bilir ki, ABŞ-da müstəqil məhkəmə hakimiyyəti var. Hamı bilir ki, seçicilərin sərbəst şəkildə etiraz etmək hüququ var. Və söhbət də avtoritar rejimlərdə olduğu kimi hüquqları pozulan və ya səsləri oğurlanan müxalif namizəddən getmir. Söhbət hakimiyyətdə olan, prezident kürsüsündə əyləşən şəxsin seçkini uduzmasından gedir. Belarusda olduğu kimi müxalifətin qələbəsini oğurlamayıblar. Əksinə, ədalət qalib gəlib. Sadəcə avtoritarlığa meyilli olan dövlət başçısının insanları təhrik etməsi nəticəsində Konqresə hücum çəkilib. Amma hakimiyyətin zəbt edilməsinin qarşısı alınıb.

Bir sıra beynəlxalq sənəddə və ABŞ Konstitusiyasında ədalətsizliyə və hakimiyyətin mənimsənməsinə qarşı xalqın üsyan etmək hüququ tanınır. Amma ABŞ-dakı son prezident seçkisində belə bir vəziyyət olmayıb. Ona görə şəffaf seçkinin nəticəsini, müstəqil məhkəmələrin qərarlarını görməzliyə vurmaq, demokratik yolla seçilən və xalqın iradəsini əks etdirən Konqresə hücum çəkmək demokratiyaya qarşı qəsddir və qeyri-qanunidir.

– Bəzi KİV-də Tramp tərəfdarlarının Kapitoliyə hücumunun arxasında xarici qüvvələrin, daha dəqiqi ABŞ-da xaos yaratmaq istəyən Rusiya casus şəbəkəsinin dayandığı bildirilir. Hətta ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi 6 yanvar hadisələrini “Trampın Putinə ən böyük hədiyyəsi” adlandırıb. Sizcə, Trampın Kremlin maraqlarına uyğun hərəkət etdiyi, iğtişaşlarda Rusiyanın əli olduğu haqda iddialar nə dərəcədə əsaslıdır?

– Məsələ ilə bağlı cinayət işləri açılıb. Araşdırmalar olacaq. Sonda məhkəmələr qərar verməlidir. Onu deyə bilərəm ki, həbs edilənlər arasında ingilis dilini bilməyən rus əsilli şəxslər var.

ABŞ-da baş verən hadisələrin dərin sistemli səbəbləri çoxdur. Lakin əsas səbəbkarı bir adamdır – Tramp. Məhz onun hakimiyyət sevgisi, eqosu, avtoritarlığı, özbaşınalığa meyilli olması və məsuliyyətsizliyi bu olaylara gətirdi. O, indiyə qədər Amerika tarixində olmayanları etdi. Donald Tramp dörd ildir yazılmamış qanunları, demokratik siyasi mədəniyyət qaydalarını tapdayır. Konqresə hücum da bunun məntiqi nəticəsidir. Bu hadisələrin tək ABŞ-a yox, bütün dünyaya mənfi təsiri olacaq. Çünki Tramp dünya avtoritarizminə indiyədək heç kimin etmədiyi yaxşılığı etdi. Hər halda avtoritar ölkələrin ilk reaksiyalarını gördünüz… Avtoritar Çin, Rusiya və digərləri artıq ABŞ demokratiyasına hücuma keçiblər.

– Baydenin prezidentlik dövrü bir çox ölkədə inqilablar – “məxməri”, yaxud qanlı inqilablar dövrü ola bilərmi?

– İnqilablar daxili prosesdir və kənardan ixrac edilmir. Kənardan qızışdırmaq, hansısa ölkədə qısamüddətli hərc-mərclik, böhran vəziyyəti yaratmaq olar. Lakin inqilab etmək olmaz. Çünki inqilabın olması üçün daxildə zəmin, dinamikalar olmalıdır, siyasi proses və cəmiyyət öz axarı ilə bu yolda yetişməlidir. İnqilab ilk növbədə sistemli dəyişiklikdir. Bu dəyişikliyin baş verməsi üçün insanların beynində, dünyagörüşündə dəyişiklik olmalıdır. Bu olmasa hansı inqilabdan danışmaq olar?

Baydenə gəlincə, o, açıq şəkildə bəyan edib ki, xarici siyasətinin əsas istiqaməti Rusiyanın dünya avtoritarizminə verdiyi dəstəyin və aqressiv siyasətinin qarşısını almaq olacaq. Putin Rusiyası da ilk növbədə postsovet məkanında avtoritarizmin patronajlığını etməkdədir. Postsovet məkanında yerləşən bir çox ölkənin elitaları öz daxili siyasətlərində çoxdan inqilablara zəmin yaradıblar. Sadəcə ABŞ-ın fəallığı nəticəsində Rusiyanın zəifləməsi baş verə, bu da öz növbəsində dəyişikliklər üçün katalizator rolunu oynaya bilər. Lakin yenə deyirəm, bundan ötrü cəmiyyət özü yetişməlidir.

– ABŞ-ın Avropanı itirdiyi pandemiya dövründə daha çox hiss olunur. ABŞ Avropa ailəsini yenidən inandıra biləcəkmi?

– Məncə, ABŞ-ın Avropa ilə münasibətlərinə pandemiya deyil, Trampın dörd illik hakimiyyəti dövründə siyasəti mənfi təsir etdi. İtirilməkdən ümumiyyətlə söhbət gedə bilməz, çünki Avropa və ABŞ Qərb dediyimiz məfhumun əsas komponentləri, Qərb dünyasının əsas oyunçularıdır. Baydenin prezidentliyi dönəmində isə ABŞ-ın ənənəvi xarici siyasətə qayıdacağı, Atlantik məkanda yenidən inteqrasiya prosesinə başlayacağı gözlənir.

ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri olmuş məşhur Zbiqnev Bjezinski “Axırıncı şans” əsərində yazırdı ki, SSRİ-nin dağılmasından sonra, yəni soyuq müharibənin nəticəsi kimi ABŞ dünyada ədalət, sülh və sabitliyin legitim müdafiəçisidir. Lakin ABŞ prezidentlərinin buraxdıqları səhvlər, yanlış xarici siyasətləri nəticəsində bu liderlik ciddi şəkildə zədələndi. Bu gün dünya həqiqətən də ABŞ-ı demokratiya, sabitlik və ədalətin simvolu, qoruyucusu kimi görmür. Bu, təkcə Trampın səhvi deyil. Ona görə Bayden administrasiyasını ABŞ-ın bu rolunu bərpa etmək yolunda böyük çətinliklər və sınaqlar gözləyir. Artıq dünya da başqadır, Bjezinskinin təsvir etdiyi kimi birqütblü deyil. Lakin Bayden administrasiyası bu yöndə çalışsa və ardıcıl olsa ABŞ-ın dünyada zədələnən legitimliyini bərpa edə bilər. ABŞ hələ də dünyanın bir nömrəli gücüdür.

– Başda Kreml təbliğat maşını olmaqla bir çox rusiyalı ekspert ciddi-cəhdlə sübut etməyə çalışır ki, NATO hərbi ittifaqı daxili münaqişələr nəticəsində tezliklə çökəcək. Bu versiya nə dərəcədə inandırıcı səslənir?

– Heç inandırıcı deyil. Çünki Qərb üçün NATO-nun alternativi yoxdur. Alternativin olması üçün isə Qərb dünyası öz dəyərlərindən geri çəkilməli, özü parçalanmalıdır. Belə bir proses müşahidə edilmir. Məsələn, Böyük Britaniya Avropa İttifaqından getdi, lakin NATO-nu və digər iqtisadi-siyasi institutları və təşkilatları tərk etmək fikrini heç vaxt dilə gətirməyib. Əksinə, Rusiyanın aqressiv siyasəti, Çinin güclənməsi Qərb koalisiyasını, NATO-nu daha da gücləndirəcək.

– Baydenin prezidentliyi dönəmində Azərbaycan-ABŞ münasibətlərində hansısa dəyişikliklərin baş verəcəyi gözlənəndirmi?

– Böyük ehtimalla Bayden administrasiyası həm Avropa İttifaqının, NATO-nun güclənməsini, həm də dünyada və ilk növbədə post-sovet məkanında demokratiyaların dəstəklənməsini özünün əsas siyasəti elan edəcək. Cənubi Qafqaz da ABŞ-ın diqqət ayıracağı əsas bölgələrdən olacaq. ABŞ Qarabağla bağlı danışıqlarda daha aktiv iştiraka can atacaq. Düşünürəm ki, Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur, bu mərhələdə münasibətlərdə dəyişikliklərin olması qaçılmazdır.

Oqtay Qorçu