Azərbaycan xalqına və dövlətinə təşəkkür edirik.
Bakupost.az APA-a istinadla xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, çətin günlərdə Azərbaycandan ünvanlanan həmrəylik mesajları İran xalqı tərəfindən yüksək qiymətləndirilir.
Onun sözlərinə görə, qarşılıqlı dəstək və həmrəylik iki ölkə arasındakı tarixi və mədəni bağların bir hissəsidir.
Səfir çıxışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran Prezidentinə Ali Rəhbərin ölümü ilə bağlı başsağlığı verdiyini və İrana göstərilən dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb: "Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Danışıq zamanı regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Telefon danışığı çərçivəsində Azərbaycan tərəfi bir daha vurğulayıb ki, ölkə öz ərazisindən hər hansı dövlətə, o cümlədən İrana qarşı istifadə olunmasına yol verməyəcək. Bu mövqe rəsmi Bakı tərəfindən dəfələrlə bəyan edilib".