İranda artan siyasi və iqtisadi böhran, təhlükəsizlik təhdidləri və sosial gərginlik insanları ölkəni tərk etməyə məcbur edir.
Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan görüntülər, iranlı ailələrin Türkiyə sərhədinə üz tutduğunu göstərir. Kadrlarda çamadanlarla, şəxsi əşyaları ilə hərəkət edən insanlar, uşaqlar və yaşlılar görünür. Bu, ölkədə yaranmış faciənin təsdiqidir.
İranda vətəndaşları üçün ölkədə qalmaq artıq yalnız yaşamaq deyil, sağ qalmaq məsələsinə çevrilib. Rejimin amansız davranışları, həbslər, etirazçılara qarşı sərt tədbirlər və ailələrə cəsədlərin verilməməsi, həmçinin kəskin bahalaşma, ərzaq çatışmazlığı və milli valyutanın çökməsi insanları qorxu və ümidsizlik içində qoyub. Artan regional gərginlik və ABŞ ın mümkün hərbi zərbə ehtimalları isə vəziyyəti daha da ağırlaşdırır.
Sərhəd keçidində İranı tərk edənlərin sayı durmadan artır. Lakin Türkiyə rəsmiləri hələlik kütləvi miqrasiya dalğasının başlamadığını bildirir. Ekspertlər isə xəbərdarlıq edir ki, İranda vəziyyət daha da pisləşsə, proses çox qısa zamanda kütləvi köçə çevrilə bilər.
Yayılan görüntülər göstərir ki, minlərlə insan artıq qorxu və ümidsizlik içində yurdunu tərk etməyə hazırdır. Bu yalnız miqrasiya deyil, rejimin sərt daxili siyasətinin, iqtisadi iflasın və regional gərginliyin yaratdığı humanitar faciədir.
Cavid, BakuPost