ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Prezident Tramp İranın hərbi imkanlarını, silah fabriklərinin təxminən 100 faizini məhv edib və nüvə proqramını basdırıb. Bu əsasda o qeyd edib ki, artıq bu mövzuda son mərhələyə qədəm qoyurlar.
O xatırladıb ki, məqsəd Tehran tək qalana qədər zalım rejimi dəstəkləyən bütün iqtisadi kanalları kəsməkdir.
Doğrudanmı İranın hərbi imkanları, silah fabrikləri, nüvə proqramı tam məhv edilib? Yoxsa bu, növbəti bir təbliğat vasitəsidir?
Siyasi şərhçi Taleh Əliyev
“Bakupost”a bildirib ki, yalan danışanlar adətən 99,99 faiz rəqəmindən istifadə edirlər. Bu mənada ABŞ maliyyə naziri yalan deyil, ağ yalan danışır:
“Yüz faiz silahlı qüvvələri məhv edilmiş, raket proqramı basdırılmış bir ölkə 3 aydan artıqdır danışıqlar masasında ABŞ-ni çətin vəziyyətə qoyub. Doğrudur, İran müharibə ilə hərbi potensialını böyük ölçüdə itirib. İqtisadiyyatı daha ağır bir duruma düşüb. Amma burada söhbət yüz faizdən gedə bilməz”.
Ekspert hesab edir ki, ABŞ rəsmiləri belə yalan açıqlamaları bilərəkdən gündəmə gətirirlər:
“Tramp başda olmaqla, komandası İran müharibəsində şişirdilmiş, həqiqəti əks etdirməyən rəqəm və açıqlamalardan bolluca istifadə edir. Bu isə ABŞ-yə özünün real güc və strategiyasını müəyyənləşdirməkdə müəyyən problem yaradır. Yüz faiz tükənmə gerçəklik deyil. Amma bu yalanı bilməyərəkdən danışmırlar. Bununla əslində özləri bilərəkdən aparılan hərbi əməliyyatların və siyasi proseslərin gerçək mahiyyətini gizlətməyə çalışırlar. Olsun, nə deməklərindən asılı olmayaraq, yenə də yalan danışırlar”.
Rüfət Sultan
BakuPost