Ru
16:17 / 17 Aprel 2026

İranlı ekspert: “İran qalib gəlir, “Türk dünyası” layihəsi əbədi iflasa uğrayır”

İranlı ekspert: “İran qalib gəlir, “Türk dünyası” layihəsi əbədi iflasa uğrayır”
Eye

İrandan olan bəzi üzdəniraq ekspertlər ABŞ ilə müharibədə atəşkəsin elan olunması fonunda yenidən qonşu ölkələrə, xüsusən də Azərbaycana münasibətdə aqressiv ritorikalar səsləndirməyə başlayıblar.

Bakupost.az xəbər verir ki, bu xüsusda “fərqlənən”lərdən biri də ermənipərəst mövqeyi ilə tanınan iranlı ekspert Ehsan Müvəhhediandır.

O, iddia edib ki, İran ABŞ və İsraillə qarşıdurmada qələbə qazanır. Bundan sonra Türkiyənin Azərbaycanla “saxta Zəngəzur dəhlizi” vasitəsilə birləşmək planı qeyri-mümkün olacaq.

Onun sözlərinə görə, bu vəziyyət Qafqazda “Türk dünyası” layihəsinin əbədi olaraq iflasa uğramasına gətirib çıxara bilər. İranın üstünlük əldə etməsi təkcə Cənubi Qafqazda deyil, ümumilikdə Avrasiya məkanında güc balansını dəyişəcək.

Siyasi şərhçi Rəşad Bayramov Bakupost.az-a bildirib ki, İran–ABŞ–İsrail qarşıdurması kimi mürəkkəb bir sistemdə əldə olunacaq nəticə tək bir regiona avtomatik və birbaşa təsir göstərmir. Bu səbəbdən müharibənin nəticəsinin Zəngəzur dəhlizi və “Türk dünyası” inteqrasiya layihəsi kimi mövzulara təsiri də çoxsaylı aktorların balansından asılıdır:

“Zəngəzur dəhlizi ideyası daha çox Azərbaycan, Ermənistan və Türkiyə vasitəsilə Şərqlə Qərb arasında nəqliyyat-kommunikasiya bağlantılarının açılması kontekstində müzakirə olunur və burada əsas maneə və ya dəstək faktorları İran-ABŞ qarşıdurmasından daha çox, Ermənistanın daxili siyasi mövqeyi, Rusiya faktorunun bölgədəki təsiri, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma dinamikası və Qərbin regiona yanaşması ilə bağlıdır”.

Həmsöhbətimiz deyir ki, İran bu məsələdə tranzit yollarının dəyişməsi nəticəsində özünün regional kommunikasiya rolunun zəifləyə biləcəyindən narahatdır:

“Yəni İranın mövqeyi “dəhlizi bloklamaq”dan çox, alternativ marşrutların onun strateji əhəmiyyətini azaltmasına qarşı balans yaratmaq cəhdidir”.

R. Bayramov fikrincə, hipotetik olaraq İran ABŞ və İsrail qarşısında ciddi üstünlük qazanaraq, regionda siyasi təsir imkanlarını müəyyən dərəcədə artırsa da, Tehran Cənubi Qafqazda təkbaşına iradə diktə edə bilməyəcək:

“Çünki bu region çoxqütblü təhlükəsizlik sisteminə daxildir. Rusiya hərbi-siyasi təsirini hələ də tam itirməyib. Türkiyə Azərbaycanla strateji müttəfiqlik çərçivəsində aktiv rol oynayır. Ermənistan isə balanslaşdırma siyasəti aparmağa çalışır. Belə şəraitdə İranın maksimum təsiri müəyyən diplomatik təzyiqlər, iqtisadi alətlər və regional qruplaşmalarda mövqelər vasitəsilə ola bilər, lakin böyük infrastruktur layihələrini dayandırmaq kimi tam nəzarət mexanizmi real görünmür”.

Ekspert qeyd edir ki, “Türk dünyası layihəsi” vahid mərkəzdən idarə olunan bir plan deyil, daha çox mədəni, iqtisadi və nəqliyyat inteqrasiyası elementlərinin cəmi kimi başa düşülür:

“Bu səbəbdən onun bir dövlətin qələbəsi ilə əbədi iflası kimi təqdim olunması bir qədər sadələşdirilmiş yanaşmadır. Belə layihələr uzunmüddətli və adaptiv xarakter daşıyır. Başqa sözlə, regional geosiyasətdə müəyyən maneələr yaransa belə, tam dayanmadan söhbət gedə bilməz. Ümumi olaraq dəyərləndisək deyə bilərik ki, İranın hipotetik güclənməsi Zəngəzur dəhlizi kimi layihələrə bu və ya digər şəkildə təsir edə bilər, amma bu təsir həlledici və təkbaşına müəyyənləşdirici deyil”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar