Bakıda iş yoldaşını bıçaqlayan fəhləyə hökm oxunub.
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş verib.
İsrayıl sallaqxanada birlikdə işlədiyi Çingizi (adlar şərtidir) bıçaqlayıb. Belə ki, 11 dekabr 2024-cü il tarixində İsrayıl evə daxil olduqda, Çingiz ona elektrik çaydanının kabelini kəsdiyinə görə irad tutub. Bu zaman İsrayıl da onunla mübahisə etməyə başlayıb. Mübahisə zamanı İsrayıl onu əli ilə yerə yıxıb, sonra bıçaqla zərbələr endirməyə başlayıb. Çingiz İsrayılı özündən kənara itələyib və İsrayıl hadisə yerini tərk edib. Daha sonra Çingiz ət kəsim yerinin sahibi olan Qədimə zəng edib və İsrayılın onu bıçaqladığını bildirib. Qədim evə gələrək onu xəstəxanaya aparıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, yeddi il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.