Xəbər verdiyimiz kimi, AMEA prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovaya məxsus Almaniyada bank seyfindən bir milyondan çox xarici valyutada pul və qiymətli əşyalar oğurlanıb.
G.Məsimovaya məxsus seyfdə 790 000 ABŞ dolları (avro ekvivalentində), brilyantlar və 330 000 avro nağd pul olub. Bildirilir ki, pulları və qiymətli əşyaları Almaniyada yaşayan, Məsimovanın tanışı olan F.M. adlı şəxs oğurlayıb. O, pullarla birlikdə qaçmağa müvəffəq olub, lakin polis bəzi zinət əşyalarını aşkar edib və araşdırma başa çatana qədər müsadirə edib. Oğurlanan vəsaitin dəqiq məbləği hələ ki, rəsmi təsdiqini tapmayıb.
Nürnberqdə pulların və qiymətli əşyaların mənşəyini müəyyən etmək üçün istintaq başladılıb, lakin G.Məsimova Almaniyanı dərhal tərk etdiyi üçün araşdırmanı başa çatdırmaq mümkün olmayıb.
Bakupost.az Gununsesi.info-ya istinadən bildirir ki, o, Almaniyada yaşamaq hüququnu saxta nikah yolu ilə əldə edib.
Bundan sonra isə Berlində Kohulfurter küçəsində yerləşən villa və mənzil daxil olmaqla, ümumi dəyəri təxminən 1 milyon avro olan əmlak alıb.
Məlumata görə, G.Məsimova ötən ilin iyun ayında Bakından Almaniyaya öz pul və qiymətli əşyalarını gətirib və onları Nürnberqdə yaşayan tanışı F.M. vasitəsilə Sparkasse bankında seyfə yerləşdirmək qərarına gəlib. Almaniyada bu tip seyflər adətən yalnız 10 000 avro dəyərinədək sənəd və qiymətli əşyaların saxlanması üçün nəzərdə tutulsa da, bank onların içini yoxlamaq və ya açmaq hüququna malik deyil.
G.Məsimova ilə görüşdən əvvəl F.M. Fürth şəhərində bankın filialında əvvəlcə tanışlarından birinin adına seyf açdırıb, daha sonra isə bir seyfi Məsimovanın adına açdırıb, lakin giriş kartını özü saxlayıb. Onlar bankda görüşəndə, etibar etdiyi F.M.-in pulları və zinət əşyalarını öz adına yox, başqa bir şəxsin adına olan seyfə yerləşdirdiyini Məsimova hiss etməyib.
Yanvar ayında G.Məsimova banka gedərək brilyant qaşlı qızıl saatlarından birini götürmək istədikdə, seyfin boş olduğunu aşkarlayıb. Məlum olub ki, F.M. seyfdəki bütün əşyaları götürərək Baltikyanı ölkələrdən birinə qaçıb. Pulların mənşəyi ilə bağlı araşdırmanın başladığını öyrənən Məsumova isə təcili şəkildə Bakıya qayıdıb.
Lakin F.M.-in hesabı gizlicə açdığı tanışının atası — Almaniya sakini Ələsgər Vəliyev bu barədə polisə məlumat verib. Hüquq-mühafizə orqanları zinət əşyalarının bir qismini aşkarlaya bilsələr də, pulların taleyi hələ də məlum deyil. Hadisələr bununla yekunlaşmayıb.
G.Məsimova da polisə müraciət edib. İyunda Əlaəsər Vəliyevin həyat yoldaşı — istirahət məqsədilə Bakıya gələn Amaliya Vəliyeva hava limanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Onun sözlərinə görə, burada ondan ailəyə məxsus, dəyəri 500 000 manat olan və Heydər Əliyev prospektində yerləşən evin G.Məsimovanın adına keçirilməsi tələb olunub. Bundan sonra qadının Azərbaycandan çıxışına qadağa qoyulub. Nəticədə o, evi G.Məsimovanın adına keçirməyə razılaşıb.
Qeyd edək ki, Günay Məsimova əvvəllər Xırdalan şəhərinin 2 saylı notariat kontorunun müdiri vəzifəsində çalışıb.