Ötən il Azərbaycanda müəssisə və təşkilatlarda işdən çıxanların 83,3 faizi öz xahişi ilə işdən çıxıb.
"Bakupost" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
DSK-nin məlumatına əsasən, 2025-ci ildə ölkədə il ərzində ümumilikdə 495 min işçi işdən çıxıb. Onların 412,2 min nəfəri öz xahişi ilə, 10,2 min nəfəri işçilərin sayının və ya ştatların ixtisarı ilə əlaqədar, 72,6 min nəfəri isə digər səbəblərlə işdən ayrılıb.
İşini tərk edənlər arasında öz ərizəsi ilə işdən çıxanların payı 2024-cü ildə 84,5 faiz, 2025-ci ildə isə 83,3 faiz olub.
2025-ci ildə öz ərizəsi ilə işdən ayrılma hallarının ən yüksək xüsusi çəkisi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb — 95,2 faiz. Turistlərin yerləşdirilməsi və ictimai iaşədə göstərici 93,5 faiz, daşınmaz əmlak əməliyyatlarında 91,6 faiz, emal sənayesində 91,3 faiz, tikintidə və ticarətdə isə 90 faiz olub.
Ən pis göstərici təhsil sahəsində qeydə alınıb. 2025-ci ildə təhsil sektorunda 33,9 min nəfər işdən çıxıb.
Statistika Komitəsi deyir ki, onların 15 min nəfəri, yəni 44,7 faizi işdən könüllü çıxıb. 17,1 min nəfər isə başqa səbəblərdən işini tərk etməli olub. Daha 1660 nəfər isə ixtisara düşüb.
Statistikadan göründüyü kimi, işini tərk edənlər arasında öz ərazisilə işdən çıxanlar böyük çəkiyə malikdir.
Görəsən, hansı səbəbdən işdən çıxarılanlar arasında öz xoşu ilə gedənlər böyük üstünlük təşkil edir?
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov
“Bakupost”a bildirib ki, belə vəziyyətlər adətən işə götürənlərin işçiləri Əmək Məcəlləsinin hansısa başqa maddələrilə işdən çıxarmaq niyyətlərini ört-basdır etmək üçün onlara öz ərazisilə getməyi təklif etmələri fonunda yaranır:
“Məsələn, Əmək Məcəlləsinin 72-ci maddəsini tətbiq etməkdənsə, bu guya işçinin sonrakı karyerasına maneə olur, işçiyə təklif edirlər ki, öz əlilə ərazəsini yazsın. Yaxud işəgötürən hansısa işçilərilə sadəcə olaraq daha işləmək istəmir, bu əsasda da təklif edirlər ki, öz xahişilə ərizəsini yazsın. Bəzən də elə olur ki, əmək müqaviləsinin müddətinin başa çatması ilə bağlı işçi öz ərazisilə çıxmağı özü xahiş edir. Bu mənada işdən çıxanlar arasında öz ərizəsilə çıxanların sayının çox olması statistik olaraq düzdür, amma belə vəziyyətin yaranması əksər hallarda yuxarıda qeyd etdiyim kimi, heç də işçinin öz istəyindən irəli gəlmir”.
Həmsöhbətimizin sözlərinə görə, hətta bəzi müəssisələr ştatı ixtisara salmaq məcburiyyətində qalanda belə, işçiyə əlavə müavinət ödəməmək üçün ona öz ərizəsilə çıxmağı təklif edir və ikincilər də əksər hallarda bunu qəbul edir:
“Beynəlxalq reytinqlərdə də görünür ki, Azərbaycanda işə qəbul və işdən çıxarma prosedurları mürəkkəbdir. İşə götürənlər bu fonda ən asan yolu taparaq, işçiyə öz ərizəsilə işdən getməyi təklif edir. Ona görə də işdən çıxarılanlar arasında öz ərizəsilə gedənlərin say nisbəti çoxdur”.
Rüfət Sultan,
BakuPost