Ru
13:00 / 24 Avqust 2026

İsrail-Suriya danışıqlarının pərdəarxası: Əsas hədəf Türkiyədir

İsrail-Suriya danışıqlarının pərdəarxası:  Əsas hədəf Türkiyədir
Eye

İordaniyada ABŞ-nin vasitəçiliyi ilə Suriya və İsrail arasında yüksək səviyyəli danışıqlar keçirilib. Görüşdə əsas məqsəd hərbi gərginliyin azaldılması, mümkün toqquşmaların qarşısının alınması və tərəflər arasında təhlükəsizlik sazişi üzrə danışıqların bərpası olub.

"Bakupost" xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi Xarici İşlər Nazirliyindəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, görüşdə İsrailin Suriya ərazisinə zərbələrinin, həbslərin və hədəfli hərbi əməliyyatların dayandırılması üçün praktiki mexanizmlərin hazırlanması müzakirə edilib. Eyni zamanda, gələcəkdə daha geniş razılaşmalara zəmin yarada biləcək təhlükəsizlik sazişi üzrə danışıqların bərpası diqqət mərkəzində olub.

Müzakirələrin diqqətçəkən məqamlarından biri də Türkiyə faktoru olub. Tərəflər İsrail və Türkiyə arasında artan gərginliyin Suriya ərazisinə daşınmasının qarşısının alınması yollarını müzakirə ediblər. Son günlər İsrailin Suriyadakı Əbu əz-Zuhur aviabazasına zərbəsi də Ankara-Təl-Əviv münasibətlərində gərginliyi artırıb. İsrail bu addımı Türkiyənin Suriyada mümkün hərbi mövcudluğu ilə əlaqələndirib, Ankara isə İsrailin iddialarını rədd edib.

ABŞ-nin nəzarəti altında mümkün hərbi insidentlərin qarşısını almaq üçün koordinasiya mexanizminin yaradılması da gündəmdə olub.

Siyasi şərhçi Rufiz Hafizoğlu "Bakupost"a bildirib ki, İordaniyanın tərəfləri real barışığa gətirmək imkanlarını yüksək qiymətləndirmir:

“Yaxın Şərqdən danışarkən İordaniyanı regiondakı proseslərdən kənarda qoymaq mümkün deyil. Lakin Əmmanın müxtəlif proseslərə münasibəti heç də həmişə birmənalı olmayıb. Məsələn, ərəb dünyasında düşmən kimi qəbul edilən İsraillə İran arasında aktiv qarşıdurma zamanı İordaniya İrandan atılan dron və raketləri öz hava məkanında məhv edirdi. Digər tərəfdən, İsrailin Qüds və ərəb əraziləri ilə bağlı siyasəti fonunda Əmman ciddi addımlar ata bilməyib.

İordaniya regionda nüfuzlu dövlət olsa da, düşünürəm ki, bu məsələdə tərəfləri barışığa gətirmək şansı azdır. Çünki Suriyanın hazırkı xarici siyasətində əsas vektorlardan biri Türkiyədir”.

“Bunu İsrail-Suriya deyil, İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır”

R.Hafizoğlunun fikrincə, baş verənlərə yalnız Təl-Əviv-Dəməşq münasibətləri prizmasından yanaşmaq məsələnin mahiyyətini tam əks etdirmir:

“İsrail-Suriya problemi kimi təqdim olunsa da, xüsusilə İsraildə yaxınlaşan seçkilər fonunda mövcud gərginliyi həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır. Suriya hökuməti hazırda ciddi risklərlə üz-üzədir. Türkiyə ilə İsrail arasında mümkün hərbi qarşıdurma baş verərsə, Suriya sözün əsl mənasında plazdarma çevrilə və iki güc arasında qala bilər”.

Qeyd edək ki, İsrailin son zərbələrindən sonra ABŞ tərəflər arasında birbaşa hərbi toqquşma riskini azaltmaq üçün Türkiyə, İsrail və Suriyanı əhatə edən xüsusi koordinasiya mexanizminin yaradılması üzərində işlədiyini açıqlayıb.

Ekspert hesab edir ki, Türkiyənin Suriyada hazırkı güclü mövqeyinə baxmayaraq, Dəməşqin gələcək xarici siyasətinin tam şəkildə Ankaraya bağlı qalacağını düşünmək də doğru olmaz:

“Türkiyə orada nə qədər mühüm rol oynasa da, unutmayaq ki, Suriya ərəb dövlətidir. Gec-tez Dəməşq daha müstəqil və fərqli xarici siyasət kursu formalaşdırmağa çalışacaq”.

R.Hafizoğlu İordaniyada keçirilən görüşdən yaxın perspektivdə ciddi nəticələr gözləmir:

“Bir tərəfdən siyasi vektor məsələsi buna mane olur. Digər tərəfdən, İsrailin baş naziri Benyamin Netanyahuya indiki mərhələdə seçki ərəfəsində istifadə edə biləcəyi ‘düşmən obrazı’ lazımdır”.

Bununla belə, İordaniya görüşünün özü tərəflərin gərginliyin nəzarətdən çıxmasında maraqlı olmadığını göstərir. Dəməşq İsrail zərbələrinin dayandırılmasını və 1974-cü il qüvvələrin ayrılması haqqında sazişin tam bərpasını istəyir. İsrail isə Suriyada, xüsusilə Türkiyənin hərbi mövcudluğunun genişlənməsini öz təhlükəsizliyi baxımından problem kimi qiymətləndirir.

Beləliklə, İordaniyada masa arxasında İsrail və Suriya əyləşsə də, danışıqların arxasında daha böyük regional rəqabət görünür. Bu mənada əsas sual yalnız “İsrail və Suriya barışacaqmı?” deyil. Əsas suallardan biri də Türkiyə ilə İsrail arasındakı rəqabətin Suriya torpaqlarında hansı həddə qədər gedəcəyidir.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar